Trump-ın Nobel sülh mükafatına namizədliyi irəli sürülüb

Trump-ın Nobel sülh mükafatına namizədliyi irəli sürülüb
3 May 2018
Mətni dəyiş

Mayın 2-də bir qrup respublikaçı konqresmen prezident Donald Trump-ın Nobel sülh mükafatına namizədliyini irəli sürüb.

Konqresmenlərin Nobel komitəsinə məktubunda deyilir ki, D.Trump “Şimali Koreyaya təzyiq göstərmək, onu qanunsuz hərbi proqramını dayandırmağa məcbur etmək və regionda sülhə nail olmaq üçün yorulmadan çalışıb”.

Məktubu 18 respublikaçı imzalayıb. Onlar Trump-ın beynəlxalq ictimaiyyəti birləşdirdiyini, yeni sanksiyalarla Pxenyanı danışıqlara məcbur etdiyini vurğulayırlar.

Son günlər Donald Trump-ın Nobel mükafatına namizədliyinin verilməsi ideyası geniş müzakirə olunurdu. Ötən həftəsonu Miçiqanda görüş zamanı Trump-ın tərəfdarları “Nobel! Nobel!” deyə qışqırıblar.

Bəzi tənqidçilərsə konqresmenlərin məktubunu siyasi fənd sayır, bunu Konqresə aralıq seçkilərdən öncə elektoratın gözündə siyasi xal qazanmaq cəhdi adlandırırlar.

İndiyədək Birləşmiş Ştatların dörd prezidenti Nobel sülh mükafatına layiq görülüb – Theodore Roosevelt, Woodrow Wilson, Jimmy Carter, Barack Obama.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun