Malayziya təyyarəsinin vurulmasına görə Rusiya məsuliyyətə cəlb ediləcək

Malayziya təyyarəsinin vurulmasına görə Rusiya məsuliyyətə cəlb ediləcək
25 May 2018
Mətni dəyiş

Niderland və Avstraliya 2014-cü ildə Ukrayna səmasında Malayziya hava yollarına məxsus sərnişin təyyarəsinin vurulmasında Rusiyanı günahkar bilib.

Niderland hökumətinin saytında yerləşdirilən məlumatda deyilir ki, Rusiya təyyarənin vurulmasında istifadə olunan zenit raket kompleksi “Buk”un istifadəsinə görə məsuliyyət daşıyır.

Niderland və Avstraliya rəsmi Moskvanı ədalətin müəyyən edilməsi üçün danışıqlara başlamağı təklif ediblər.

“Ölkənin məsuliyyətinin etiraf edilməsi çətin hüquqi prosesdir. Bunun bir neçə üsulu var. Ola bilər ki, növbəti addım beynəlxalq məhkəməyə müraciət olsun. Orda qərar qəbul edilə bilər”, sənəddə deyilir.

Beynəlxalq istintaq qrupu təyyarənin vurulması barədə ilkin nəticələri elan edib. Ekspertlər bildirirlər ki, təyyarəni vuran “Buk” Rusiyanın Kurks şəhərində yerləşən 53-cü zenit-raket birqadasına məxsus olub. Sübut kimi ekspertlər raketin qalıqlarını göstəriblər.

İstintaq qrupu bildirib ki, raket kompleksi Ukrayna ərazisinə gətirilib və hadisədən sonra yenidən Rusiyaya qaytarılıb.

Niderland Rusiyadan təyyarə qəzasında həlak olanların ailələrinə kompensasiya verilməsini tələb edir. Ölkənin xarici işlər naziri Stefa Blok deyib ki, Rusiyanın günahı sübut edilib.

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, rəsmi Moskva istintaqın nəticələrini yalnız rusiyalı ekspertlərin cəlb edilməsindən sonra tanıya bilər.

Malayziya hava yollarına məxsus Boeing-777 təyyarəsi Amsterdamdan Kuala-Lumpur istiqamətində uçarkən 2014-cü il iyulun 17-də Ukrayna səmasında vurulub. Nəticədə təyyarədə olan 298 nəfər həlak olub. Həlak olanların əksəriyyəti Niderland vətəndaşıdırlar.

Rəsmi Kiyev təyyarənin vurulmasında separatçıları ittiham edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun