Saqqallı, başında beysbol papağı və hərbi köynəkli müxalifət lideri olan Nikol Pashinianın rəhbərliyi ilə Ermənistan paytaxtı Yerevanda on minlərlə etirazçı küçələrə və meydanlara axışaraq ölkədə yeni dövrün başlanğıcını qoyub.
Bu etirazçılar parlamentdə yeni gücləndirilmiş Baş nazir postuna seçilən keçmiş prezident Serj Karkisianın istefasını tələb edirdilər.
İlk günlər polis müəyyən müqavimət göstərsə də, 11 gün sonra cənab Sarkisian istefa verdi. Etirazçılar isə bu xəbəri böyük sevinc və rəqslə qarşıladılar.
Lakin indi cənab Paşinian özü baş nazir olmaq istəyir. Parlamentdəki ilk səsvermə zamanı yetərincə səs toplaya bilməyən "xalqın namizədi" indi mayın 8-dəki iclasa ümid edir.
Bəs görəsən Serj Sarkisian hakimiyyətdə qalmaq üçün niyə etirazları zor gücü ilə yatırmağa çalışmadı?
Nəzərə alsaq ki, bundan əvvəl ölkədə keçirilmiş seçkilərdən sonra etirazların güc yolu ilə dağıdılması təcrübəsi var idi.
Güc göstərməzdən öncə yüz ölçüb bir biçmək
Tbilisidə məskunlaşan erməni əsilli britaniyalı jurnalist Onnik Krikorian deyir ki, gücdən istifadəyə daha meyilli sələfi Robert Koçariandan fərqli olaraq Sarkisian daha "uzun oyunlar oynamağı" sevir və daha ehtiyatlıdır.
"Ermənistanda vəziyyət dəyişib. Etirazçıların sayı sadəcə olaraq çox böyük idi. İnanmıram ki, onlar (hakimiyyət) belə böyük etirazlara qarşı çıxa bilərdilər", Krikorian deyir.
Juranilstin fikrincə hökumət etirazların bu qədər böyüyəcəyini gözləmirdi.
Britanya Akademiyasının müxbir üzvü, region üzrə ekspert Dr Harun Yılmaz isə hesab edir ki, hökumətlər etirazları güc vasitəsilə yatırmaq qərarına gəlməzdən öncə yüz ölçüb bir biçirlər.
"Birincisi hakimiyyət əmin olmalıdır ki, gücdən istifadə etsə bu, inqilaba gətirib çıxarmayacaq. Çünki belə güc istifadələri etirazları yatırmırsa, bu, inqilabın ilk əlaməti ola bilər.
İkincisi isə o, əsgərlərin və polisin əmrlərə tabe olacağına və etirazçıların tərəfinə keçməyəcəyinə əmin olmalıdır", Yılmaz deyir.
Ermənistanda isə bir qrup əsgər etirazçılara qoşulmuşdu.
"O, (Sarkisian) belə bir qərar verdikdən sonra vəziyyətə nəzarət edib-edə bilməcəyindən və qoşunların onun əmrlərinə tabe olub-olmayacağından əmin deyildi", o əlavə edir.
"Görünür Azərbaycan hakimiyyəti daha sərtdir"
Ermənistanda dinc etirazların müqavimətsiz dəyişiklərə səbəb olmasını qonşu Azərbaycanla müqayisə edən Onnik Krikorian deyir ki, "görünür, Azərbaycandakı hakimiyyət Ermənistan və Gürcüstanla müqayisədə daha sərtdir".
"Ermənistan müxtəlif vaxtlarda seçkilərin saxtalaşdırılması və müxalifətə qarşı təzyiqlərə görə beynəlxalq tənqidlərə məruz qalıb.
İndi seçki saxtakarlığı daha mürəkkəbdir. O, heç də seçki məntəqələrində baş vermir. Bir çox saxtakarlıqlar seçki məntəqələrindən kənarda və seçki komissiyalarında baş verir.
Eyni zamanda Ermənistanın resursları da çox deyil və ölkə diasporanın ianələrinə bel bağlayır", Krikorian müqayisə edir.
Harun Yılmaz isə hesab edir ki, siyasi azadlıqların olmadığı cəmiyyətdə insanlara "çörək verməklə" də etirazların böyüməsinin qarşısnı almaq olar.
"Fikrimcə Azərbaycanda iqtisadi vəziyyət Ermənistanla müqayisədə daha normal və perspektivlidir.
Gələcəklə bağlı ümidlər və daha yaxşı həyatla bağlı gözləntilər olduğu zaman hətta hansısa siyasi qrupun etiraz çağırışları da böyük xalq hərəkatına çevrilmir", o deyir.
"Ermənistanda siyasi elita ölkədəki iqtisadi vəziyyəti yaxşılaşdırmaqda çətinlik çəkirdi".
Eyni zamanda, onun fikrincə konstitusiyaya edilmiş dəyişikliklər və "avroritar tendensiyaların artırılmasına doğru hərəkət", Ermənistanda yaxşı gələcəklə bağlı ümidləri puç etmişdi.
Hazırda isə hər kəs gözləyir - Nikol Pashinian da, Yerevanın mərkəzi meydanını doldurmuş etirazçılar da, Ermənistanda baş verən prosesləri maraqla izləyən qonşuları da.
Hakim partiya mayın 8-də parlamentdə keçiriləcək seçkilərin ikinci turunda parlament üzvlərinin üçdə biri tərəfindən irəli sürülən namizədi dəstəkləməyə hazır olduğunu bildirib.
Baxmayaraq ki, Nikon Paşinyanın namizədliyini parlamentdə üç fraksiya - "Yelk", "Daşnaksutyun" və "Tsarukian bloku" dəstəkləyir, hələ də qeyri-müəyyənlik qalmaqdadır.
Hətta Paşinianın baş nazir seçiləcəyi təqdirdə belə nəyin və necə olacağı dəqiq deyil.
Nəzərə almaq lazımdır ki, parlamentdə hələ də keçmiş baş nazir Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçılar partiyası çoxluq təşkil edir.