ABŞ Senatı Cina Haspeli Mərkəzi Kəşfiyyat Agentliyi-CIA (Central Intelligence Agency) direktoru vəzifəsinə təsdiq edib.
CIA-da 33 il çalışan Haspel agentliyin ilk qadın direktoru olacaq.
Senatda səsvermə zamanı Haspel 51 lehinə, 43 əleyhinə səs alıb. 100 yerlik Senatda təsdiq edilmək üçün əksəriyyətin səsini almaq lazımdır.
Bir sıra ABŞ qanunvericiləri terror şübhəlilərinin dindirilməsi zamanı qəddar üsullara yol verilməsi ilə bağlı narahatlıqlarla əlaqədar Haspelin bu vəzifəyə təsdiq edilməsinin əleyhinə çıxış edirdi. Onun CIA direktoru vəzifəsinə təsdiqinin əleyhinə olan senator Con Makkeyn səsvermədə iştirak etməyib.
Kəşfiyyat sahəsində 33 illik təcrübəyə malik olan Haspel CIA-da direktor əvəzi kimi çalışırdı. O bu vəzifədə hazırda dövlət katibi postunda olan Mayk Pompeonu əvəz edəcək.
Cina Haspel Mərkəzi Kəşfiyyat Agentliyində geniş təcrübəyə malik professionaldır. O, London və Tailand da daxil olmaqla bir neçə yerdə CIA-in yerli ofisinin rəhbəri olub.