Futbol üzrə ümumdünya qurum Rusiyada Dünya Kuboku uğrunda yarışacaq idmançıları dopinq məsələsində təmizə çıxarıb.
Ancaq FIFA digər rusiyalı futbolçularla bağlı araşdırmaların davam edəcəyini bildirib.
Təhqiqat Ümumdünya Antidopinq Agentliyinin (WADA) ortaya çıxardığı dəlilə əsasən başlanıb. FIFA mayın 22-də deyib ki, rusiyalı oyunçuların Moskvadakı antidopinq laboratoriyasından əldə edilmiş dopinq testləri ilə laboratoriyanın keçmiş direktoru Grigory Rodchenkov-un ötürdüyü informasiyanı müqayisə edib.
“YETƏRİNCƏ DƏLİL TAPILMAYIB”
Qurum iyunun 14-də Moskvada başlanacaq dünya çempionatında Rusiyanı təmsil edəcək futbolçularla bağlı nəticənin daha əldə edilməsinə üstünlük verib. Rusiya ötən həftə 28 nəfərdən ibarət heyəti və yeddi ehtiyat oyunçunun adlarını açıqlayıb.
FIFA bəyanatında bildirir ki, rusiyalı oyunçular təhqiqat zamanı “dəfələrlə qabaqcadan elan edilməmiş dopinq nəzarəti”nə məruz qalıblar.
“Antidopinq qaydalarının pozulmasına yetərincə dəlil tapılmayıb”, – qurum bildirir.
Rusiya Futbol Birliyinin prezidenti vəzifəsini icra edən Aleksandr Alayev FIFA-nın qərarını “qərəzsiz”, “peşəkar” və “ədalətli” adlandırıb.
Ancaq Almaniyanın ARD televiziyasının bu həftə bildirməsinə görə, WADA təhqiqatçıları Rusiya futbolunda dopinqdən mümkün istifadədən “çox şübhələnirlər”.
WADA-nın araşdırmasında deyilirdi ki, Rusiyanın futbol komandası 2014-cü il dünya kuboku zamanı müsbət dopinq testlərinin gizlədilməsindən ötrü hazırlanmış sistemdən faydalana bilər. WADA 34 şübhəli haldan söz açırdı.
ÖRT-BASDIR ETMƏK GÖSTƏRİŞİ
Rodchenkov fevralda “The Associated Press”ə deyirdi ki, hökumət ona futbolçuların dopinqlə tutulmasını əngəlləməyi tapşırıb. O, FIFA-nın sanksiya qoya biləcəyi ehtimalının qaldığını söyləyirdi.
Hazırda Birləşmiş Ştatlarda yaşayan Rodchenkov ARD televiziyasına deyib ki, Rusiyanın keçmiş idman naziri Vitaly Mutko ona futbolda dopinq hallarını ört-basdır etmək göstərişi verib.
Mutko ötən il Dünya Kubokunun baş təşkilatçısı vəzifəsindən istefa verib, Rusiya futbol federasiyası rəhbərliyindən də müvəqqəti gedib. O, ölkə futbolunda dopinq iddialarını qəti təkzib edir.
FIFA barəsində təhqiqat davam edən futbolçuların adlarını açıqlamayacağını bildirib.
WADA-nın 2015-ci ildə yaydığı hesabat Rusiyanın fevralda Cənubi Koreyada keçirilən Qış Olimpiadasında iştirakının, eləcə də yüzlərlə atletin 2016-cı il Yay Olimpiya oyunlarında iştirakının qadağan olunmasıyla sonuclandı.