Şərlənərək həbs edilən Müsavatın Şirvan Təşkilatının sədri Əlikram Xurşudova bu gün Şirvan məhkəməsində hökm oxunub.
Müsavat Partiyası rəhbərliyinin yaydığı məlumata görə, Əlikram Xurşudova 5 il həbs cəzası verilib.
Xurşudov ötən il noyabrın 22-də saxlanıb. Noyabrın 24-də isə məhkəmənin qərarı ilə haqqında həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 (xuliqanlıq) maddələri ilə ittiham elan edilmişdi.
221.2.2 maddə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə tətbiq edilir.
221.2.3 maddədə isə söhbət silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törətməkdən gedir.
Yekunda ittihamdan 221.2.2 maddə çıxarılıb. Ona əvvəlki 221.2.3 və yeni 315.2 maddələr üzrə ittiham verilib.
Vəkilləri 315.2-ci (Hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsinin əlavə edilməsini cinayət işinin daha da ağırlaşdırılması hesab edirdilər.
Müsavat Partiyası bəyanat verərək həbsin siyasi motivli olduğunu bildirib.