Kaspersky infrastrukturunu Rusiyadan çıxarır

Kaspersky infrastrukturunu Rusiyadan çıxarır
15 May 2018
Mətni dəyiş

Rusiyanın Kaspersky Lab antivirus proqramları şirkəti bu gün – mayın 15-də bildirib ki, əsas infrastrukturunu və əməliyyatlarını İsveçrəyə köçürür.

ABŞ hakimiyyəti bu şirkəti Kremlin casusluq fəaliyyətinə yardımda suçlayır.

“Frans Pres” agentliyi Kaspersky-yə istinadla yazır ki, “əksər regionları əhatələyən data bazası və emalı, eləcə də proqramların yığılması, təhlükənin aşkarlanmasıyla bağlı yeniləmələr” transfer olunacaq.

ÜÇÜNCÜ TƏRƏFİN NƏZARƏTİ

“Tam şəffaflıq və bütövlüyün təminatı üçün Kaspersky Lab bu fəaliyyətə İsveçrədə yerləşən müstəqil üçüncü tərəfin nəzarətini təşkil edəcək”, – şirkət bildirib.

Bu şirkətin proqramları dünyada 400 milyonadək kompüteri qoruyur.

Birləşmiş Ştatlar hökuməti ötən il Kaspersky-dən proqram almağı dayandırıb. Bundan bir neçə həftə öncə ABŞ kəşfiyyat agentliyi və hüquq-mühafizə orqanları bu proqramların təhlükəsizliyi sarıdan narahatlıq dilə gətirmişdilər.

ABŞ hökuməti işçilərinə Kaspersky antivirus proqramından istifadəni yasaqlayıb.

Kaspesky isə qoruyucu sistemlərini yarmağın, Rusiya kəşfiyyat agentliklərinin onun proqramları vasitəsilə kompüterləri güdməsinin mümkünsüz olduğunu bildirib. Ancaq yenə də müştərilərini məhsullarının təhlükəsizliyinə inandırmaqdan ötrü tədbirlər görəcəyini deyib.

Bu ilin sonunadək antivirus proqramının istehsalı Sürixə köçürüləcək. Qeyri-rusiyalı müştərilər haqda informasiya gələn ilədək orada tikiləcək data mərkəzdə saxlanacaq.

Kaspersky rəsmisinin agentliyə bildirməsinə görə, Rusiya bazarı üçün inkişaf və data mərkəzi elə bu ölkədə qalacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun