Gürcüstanın baş naziri Giorgi Kvirikashvili milli televiziya ilə çıxışında etirazçıları sakitliyə, zorakılıqdan çəkinməyə çağırır.
Polisin narkotiklərə qarşı reydindən sonra parlament binası qarşısında başlamış nümayişlər hələ də davam etməkdədir.
“Ölkədə hər hansı qarşıdurma, cəmiyyətdə parçalanma Gürcüstan hakimiyyəti və xalqı üçün qəbuledilməzdir”, – Kvirikashvili deyib.
“Hüquq-mühafizə orqanları qanunun, yürüş etmək azadlığının təminatı üçün əllərindən gələni edirlər. Hakimiyyət narkotik alverçilərinə qarşı sərt, narkotik aludəçilərinə qarşı humanist mövqe tutacaq”, – o vurğulayıb.
Mayın 12-də səhər yüzlərlə adam küçələrə çıxaraq polisin paytaxtın iki populyar gecə klubunda keçirdiyi reydə etirazını bildirib. Tənqidçilər reydi kluba gedənlərə qarşı gücdən aşırı istifadə kimi dəyərləndirib.
“PROVOKASİYA”?
Daxili İşlər Nazirliyi Bassiani və Cafe Gallery-də səkkiz “narkotik alverçisi”nin saxlandığını bildirib.
Klubdakılardan bəziləri narkotik maddənin polisin atması ehtimalını irəli sürüb.
Tənqidçilər deyirlər ki, bu əməliyyat polisin narkotik maddələrə qarşı öhdəliyini yerinə yetirdiyini sərgiləyir, əsl niyyəti isə Gürcüstan paytaxtında artan klubların gözünü qorxutmaqdır.
Polis klubların yaxınlığında bir neçə etirazçını da saxlayıb.
Mayın 13-də onlarla etirazçı şəhərin musiqi sədaları altında rəqs edib, nümayişi davam etdirəcəklrini bildirib. Bundan öncə polis onların parlament binası qarşısında qurduğu çadırı dağıdıb.
Etiraz liderlərindən biri jurnalistlərə deyib ki, nümayişçilər polisin hərəkətini “provokasiya” sayır.
Yürüşün təşkilatçılarından olan Anna Subeliani AzadlıqRadiosu-nun gürcü xidmətinə bildirib ki, tələbləri yerinə yetirilməyincə dayanmayacaqlar.
Tbilisidə mayın 12-dən keçirilən yürüşə əks nümayişlər də təşkil olunub. Azı iki ultrasağçı qrup “narkotik ticarətçiləri” və “LGBT təbliğatı”na qarşı çıxdıqlarını iddia edib, “vətənimizi qorumaq üçün mili qvardiya” yaradıldığını açıqlayıb.
Etirazçılar arasında qarşıdurmanı önləməkdən ötrü polis sağçıların parlament binasına yaxınlaşmasına imkan verməyib.