Çində elit universitetlərlə ali təhsil sektorunun qalan hissəsi arasında uçurum genişlənməkdədir.
Bunu dünyada formalaşmaqda olan universitetlərin reytinqi – “Times Higher Education” (THE) üzə çıxarıb.
Artıq beşinci ildir reytinqdə ilk iki yeri Çinin Pekin və Tsinxua universitetləri tutur. İlk onluğa Çindən daha beş universitet düşüb. Ümumilikdə isə cədvəldəki hər 6 universitetdən biri, yaxud 63 təhsil ocağı Çində yerləşir. Ötən il bu rəqəm 52 idi.
İlk 50-liyə düşən 14 Çin universitetinin hamısı ya yerini sabit saxlayıb, ya da yüksəlib. Məsələn, Harbin Texnologiya İnstitutu 12 pillə irəliləyərək 29-cu yerə yüksəlib.
Siyahıda ümumilikdə 42 ölkə və regiondan 350-dən artıq təhsil ocağı yer alıb.
Çindən 63, Meksikadan 11 universitet
Universitetlərin gücü, ixtisaslaşma sahəsi, tarixləri də çox fərqlidir. İlk 20-likdə Rusiyada 1755-ci ildə yaradılmış Lomonosov adına Moskva Dövlət Universiteti də var, Türkiyədə cəmi 25 yaşı olan Koç özəl universiteti də.
Son illər yüksəlişi ilə diqqət çəkən universitetlərdən biri Rusiyadakı Tomsk Politexnik Universitetidir. Bu təhsil ocağı Rusiyanın 5-100 layihəsinə də salınıb. Həmin hökumət proqramının məqsədi 2020-ci ilədək dünyada ilk 100-lüyə Rusiyadan 5 universitetin salınmasıdır. Tomsk Politexnik Universiteti ötənilki reytinqdə 56-cı yerdə idi, bu il 21-ci olub. Əsas səbəblər bu təhsil ocağına istinadların artması, tədqiqat mühitinin yaxşılaşdırılması və sairədir.
Beləliklə, ilk onluqda Çinin Pekin, Tsinxua Universitetləri; Rusiyanın Lomonosov Universiteti, 4-8-ci yerlərdə yenə Çinin Fudan; Çin Elm və Texnologiya Universiteti; Jecianq Universiteti, Şanxay Jiao Tonq Universiteti; Nanjinq Universtiteti yer alıb.
9 və 10-cu yerlərdə Cənubi Afrikanın Keyp Taun Universiteti və Tayvan Milli Universiteti gəlir.
Reytinqə Çindən 63, Hindistandan 42, Braziliyadan 32, Tayvandan 31, Rusiyadan 27, Türkiyədən 22, Çilidən 13, Çexiyadan 13, Polşadan 12, Meksikadan 11 universitet salınıb.