Erdoğan İslam dünyasını İsrailə qarşı birləşməyə çağırıb

Erdoğan İslam dünyasını İsrailə qarşı birləşməyə çağırıb
19 May 2018
Mətni dəyiş

Türkiyə prezidenti Recep Tayyip Erdoğan İslam dünyasını fələstinliləri dəstəkləmək və İsrailin “zülmünə” qarşı vuruşmaq üçün birliyə çağırıb.

Erdoğan mayın 18-də İstanbulda keçirilən çoxminlik mitinqə müraciət edib, daha sonra 57 üzvü olan İslam Əməkadaşlığı Təşkilatının (İƏT) fövqəladə konfransını açıb.

Türkiyə prezidenti mayın 14-də Qəzza zolağının sərhədində 60 fələstinli etirazçının İsrail qüvvələri tərəfindən öldürülməsini pisləyib.

O həmçinin ABŞ səfirliyinin Tel Əvivdən Yerusəlim şəhərinə köçürülməsi hərəkətini tənqid edib.

Mitinqdə çıxış edən Erdoğan deyib ki, “İsrail zülmünə son qoymağın vaxtı çatıb”.

Erdoğan çıxışında Qəzza zolağında İsrailin fələstinlilərə qarşı hərəkətini İkinci Dünya Müharibəsi zamanı nasistlərin yəhudilərə qarşı törətdiyi Holokosta bənzədib:

"75 il bundan əvvəl Avropada yəhudi xalqının üzləşdiyi qırğınla bizim qəzzalı qardaşlarımızın başına gətirilənlər arasında fərq yoxdur”.

Türkiyə müxalifəti isə bildirir ki, Erdoğan Qəzzada baş verən hadisələrdən seçkiqabağı “xal toplamaq” üçün istifadə edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun