Çin İrandan neft almağa davam edəcək

Çin İrandan neft almağa davam edəcək
10 May 2018
Mətni dəyiş

Çin İranın nüvə sazişinə sadiq qaldığını, İranın neft ixracının üçdə birini almağa davam edəcəyini bildirib.

Çin açıqlamanı mayın 9-da verib. O, İranla nüvə sazişini imzalamış ölkələrdən biridir və Birləşmiş Ştatların sənəddən çıxmağa qərar verməsinə baxmayaraq ona əməl edəcəyini deyib.

NEFTİN BARRELİ 77 DOLLARI AŞIB

İranın rəqibi Səudiyyə Ərəbistanı isə bildirib ki, Birləşmiş Ştatların dəstəkləyəcək, ABŞ-ın sanksiyaları bərpa etməsi nəticəsində yarana biləcək neft hasilatı kəsirini kompensasiya edəcək.

“Birləşmiş Ştatların bu qərarından təəssüflənirik”, – Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Geng Shuang deyib. O, Çinin nüvə paktının bütövlüyünü qorumaq istədiyini bildirib. Pekin inanır ki, bu saziş nüvə silahlarının yayılmasının məhdudlaşdırılması, Yaxın Şərqdə sabitliyin möhkəmləndirilməsindən ötrü vacibdir.

Çinin Xinhua agentliyi isə mayın 9-da Çinin Yaxın Şərqdəki xüsusi elçisi Gong Xiaosheng-in İran rəsmiləri ilə görüşdüyünü xəbərləyib. O, çoxtərəfli sazişin “çox ciddi və vacib” olduğunu vurğulayıb.

“Sazişin olması heç olmamasından yaxşıdır. Dialoq qarşıdurmadan yaxşıdır”, – o deyib.

İran neftinin çoxunu Çinə satır, qalanını Yaponiya və Cənubi Koreya alır. Onlar da Birləşmiş Ştatların qərarına baxmayaraq İranla işləməyə davam edəcəklərini bildiriblər.

Bu arada neftin qiyməti 2014-cü ilin noyabrından bəri ən yüksək səviyyəyə çatıb. Mayın 9-da London birjasında neftin barelinin dəyəri 77 dolları aşıb.

HASİLATDA GÖZLƏNƏN AZALMA

Ancaq Birləşmiş Ştatların sanksiyaları bərpa etməsinin İranın neft sektoruna ciddi ziyan vuracağı gözlənir.Təhlilçilərin dəyərləndirməsinə görə, İranın gündəlik 4 milyon barrellik neft hasilatı 200 min- 600 min barrel azala bilər.

Sanksiyaları açıqlayan ABŞ rəsmiləri Fars Körfəzindəki müttəfiqlərinin hasilatda yaranacaq kəsiri kompensasiya edəcəklərini gözlədiklərini dilə gətirib. Bu halda sanksiyaların dünyada neftin qiymətinə təsiri azala bilər.

İranın ərəb dünyasındakı rəqibi, nüvə sazişinin opponenti Səudiyyə Ərəbistanı mayın 9-da bu çağırışa cavab verib, deyib ki, “neft bazarlarında sabitliyin dəstəklənməsinə sadiqdir”.

Dünyanın ən böyük neft hasilatçısının bu açıqlaması neftin bahalanmasını əngəlləyə bilər. Amma təhlilçilər İranın və OPEC-in digər üzvlərinin ona qarşı çıxacağını düşünür, çünki bu, neft hasilatına hazırkı məhdudiyyətin pozulması deməkdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun