Türkiyənin ən böyük müxalifət partiyası - Cümhuriyyət Xalq Partiyası (CHP) iyunun 24-də keçiriləcək prezident seçkilərinə parlamentin deputatı Muharrem İncenin namizədliyini irəli sürüb.
54 yaşlı siyasətçinin namizədliyi mayın 4-də CHP-nin Ankarada keçirilən qurultayında yekdilliklə irəli sürülüb, xəbəri CNN Türk yayıb.
Toplaşanlar qarşısında çıxış edən İnce sadəcə öz partiyasının tərəfdarlarının deyil, bütün türklərin prezidenti olmağa söz verib.
CHP rəhbəri Kemal Kılıçdaroğlu bildirib ki, Erdoğanın hakimiyyəti dövründə ölkədə hakimiyyət bölgüsü ləğv edilib, KİV azadlığı məhv edilib, demokratiya təhlükə altına düşüb.
Türkiyə müxalifəti hazırki dövlət başçısı Erdoğan seçkiləri qazanarsan, ölkədə bir nəfərlik hakimiyyətin bərqərar olacağından qorxur.
İyunun 24-də Türkiyədə parlament seçkiləri də keçiriləcək. Onlardan sonra ölkənin prezidentin həm dövlət, həm də hökumət başçısı olmasını nəzərdə tutan prezident idarəetmə formasına keçməsi yekunlaşacaq.
Xatırladaq ki, Erdoğan aprelin 18-də gözlənilmədən vaxtından əvvəl parlament və prezident seçkilərinin keçiriləcəyini elan edib, bu qərarını qonşu Suriya və İraqdakı vəziyyətlə əsaslandırıb. Bundan əvvəl Erdoğan dəfələrlə səsvermənin planlaşdırıldığı kimi 2019-cu il noyabrın 3-də keçiriləcəyini bəyan edib.