Chelsea futbol klubunun sahibi Roman Abramovich-ə Birləşmiş Krallıqda yeni viza verilməsi üçün ondan sərvətinin mənşəyini soruşa bilərlər.
Guardian qəzeti yazır ki, rusiyalı oliqarxın köhnə vizasının vaxtı bitib, lakin ona yeni viza verilməsi məsələsinə hələ də baxılır.
Abramovich bundan əvvəlki vizasını Britaniyada 2015-ci ilin aprelindən tətbiq edilən yeni daha sərt qaydalardan əvvəl alıb.
Britaniya hökuməti ayrı-ayrı fərdlərə viza verilməsi ilə bağlı şərhlərlə çıxış etməsə də, aydındır ki, bundan əvvəl adına investor vizası açılmış bir sıra zəngin şəxslər yeni qaydalara görə sorğu-sual ediləcək.
Bu da bildirilir ki, keçmiş Rusiya casusunun Solsberidə zəhərlənməsindən sonra rusiyalı zənginlərə viza verilməsi qaydaları daha da mürəkkəbləşdirilib.
Hökumət bildirib ki, 1-ci qrup vizası olan fərdlərin viza məsələsinə indi daha cidd-cəhdlə baxılır.
1-ci qrup viza almaq istəyən şəxslər Britaniya iqtisadiyyatına 2 milyon funt sterlinq sərmayə yatırmalıdırlar. Bunun müqabilində onlara 40 aylıq viza verilir.
Guardian yazır ki, indi belə bir viza almaq üçün Abramovich daha ciddi sorğu-sualdan keçməli olacaq. Bu da qeyd olunur ki, o yeni viza üçün ölkə xaricindən, çox güman Rusiyadan müraciət etməlidir.
Yeni qaydalara görə, öz vəsaitlərinin nəzarətində olmayan, sərvəti qanunsuz yollarla əldə olunmuş şəxslərə ictimai maraqlar zəminindən viza verilməyə bilər.
Məqalədə deyilir ki, yeni qaydalar tətbiq olunandan bəri investor vizası üçün müraciət edənlərin sayı 84 faiz azalıb.
Hazırda Britaniyada investor kateqoriyalı vizaya sahib 700-dək zəngin rusiyalı var.