Ermənistanda küçə etirazlarından sonra baş nazir Serzh Sarkisian-ın istefa verməsi, gələn həftəyə parlamentdə yeni baş nazir seçkisinin təyin olunması qərb mediasının da əsas mövzularından biridir.
“The Washington Post” qəzetində Amie Ferris-Rotman yazır ki, Moskva ilk öncə cənubundakı bu dinc inqilabı sükutla izlədi, daha sonra ehtiyatlanmağa başladı, indi isə diqqətlə onunla məşğul olmağa girişib.
ERMƏNİSTAN İNQİLABININ FƏRQİ
Gürcüstan və Ukraynadakı “rəngli” inqilablardan fərqli olaraq, Rusiya Ermənistandakı etirazlara açıq şəkildə qarşı çıxmayıb, daha ölçülü-biçili reaksiya verib. Axı, bu etirazlarda da antirusiya mövqeyi sərgiləməyib. Elə Pashinian üsyanının salamatlığı üçün də Rusiya tamamilə gözardı oluna bilməz. Rusiya prezidenti Vladimir Putin ötən axşam baş nazir vəzifəsini icra edən Karen Karapetyana zəng edərək deyib ki, gələn həftəyə təyin olunmuş seçki hüquqi çərçivədə aparılmalıdır.
“Pyesin son səhnəsində olduğumuzu güman etsək, sürprizlə qarşılaşa bilərik. Ancaq əslində, birinci səhnədəyiksə, onda əsas xarakterlərin ortaya çıxacağını gözləməliyik”, – bunu ABŞ-da yaşayan erməni əsilli xeyriyyəçi Noubar Afeyan Yerevana səfəri zamanı deyib.
Məqalədə vurğulanır ki, Ermənistanın həm iqtisadi, həm müdafiə baxımından Rusiyadan asılılığını nəzərə alanda Pashinian da bu balansı saxlamalı olacaq. O, “Rusiya da daxil bütün tərəfləri inandırmağa çalışıb ki, xarici siyasətdə dramatik dəyişiklik baş verməyəcək”, – Yerevandakı Regional Araşdırmalar Mərkəzinin direktoru Richard Giragosian bu fikirdədir.
TƏHLÜKƏ QALIR
Müəllif yazır ki, Ermənistandakı dinc, qansız inqilab keçmiş sovet ölkələri trayektoriyasında nadir hal sayıla bilər: “Daha öncə Ukrayna, Gürcüstan və Qırğızıstanda demokratiya inqilabları daha çox Moskvanın müdaxiləsi ucbatından büdrədi. Rusiyayla münasibətinin dəyişməyəcəyini aydın şəkildə ortaya qoyan Ermənistan isə bir istisnaya çevrilə bilər”.
“The Economist” dərgisi isə Serzh Sarkisian-ın hakimiyyətdə qalmaq planını Rusiya prezidenti Vladimir Putin-in vaxtilə elədikləri ilə müqayisə edir.
“Ancaq Ermənistan Rusiyadan fərqli olduğunu sübuta yetirmiş oldu. Senzura yoxdur, küçə etirazlarına qadağa yoxdur, parlamentdə güclü müxalifət var, siyasi baxımdan Rusiyadan daha azad və yetkindir. Sarkisian-ın istefası isə “rəngli inqilab”dan çox konstitusiyanın hakimiyyətdən yapışmağa çalışan hakim partiyadan qorunması idi”, – məqalədə deyilir.
Məqalədə vurğulanır ki, Rusiyanın indiyədək bu etirazlara özünə xas olmayan təmkinlə yanaşmasına baxmayaraq, korrupsioner postsovet düzəninin rədd olunması Kremli əndişələndirəcək: “ Hələ də müdaxilə və ya zorakılıq, ya da hər ikisinin baş verməsi təhlükəsi qalır”.