Senat Pompeonun dövlət katibi vəzifəsinə namizədliyini təsdiq etdi

Senat Pompeonun dövlət katibi vəzifəsinə namizədliyini təsdiq etdi
27 Aprel 2018
Mətni dəyiş

ABŞ Senatı ciddi fikir ayrılıqlarının mövcud olduğu şəraitdə prezident Donald Trampın dövlət katibi vəzifəsinə nominasiya etdiyi Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Mayk Pompeonun namizədləyini təsdiq edib.

Pompeonun namizədliyi 57 lehinə, 42 əleyhinə səslə təsdiq edilib.

Respublikaçıların hamısı onun namizədliyini dəstəkləyib, demokratlar arasında isə ona yalnız altı qanunverici dəstək verib, bir səsi müstəqil qanunverici verib.

Pompeo dövlət katibi vəzifəsində keçən ay Tramp tərəfindən vəzifəsindən kənarlaşdırılan Reks Tillersonu əvəz edəcək. Namizədliyinin təsdiq edilməsi Pompeonun cümə günü Brüsseldə NATO-da keçiriləcək görüşdə Amerikanın baş diplomatı kimi iştirak etməsinə imkan verir.

Senatdakı respublikaçıların Pompeonun namizədliyi ətrafında birləşməsinə baxmayaraq, demokratlar onun müsəlmanlar və geylərə qarşı əvvəlki ritorikası ilə bağlı narazılıqlarını bildirib.

Respublikaçılar Pompeonun ABŞ hərbi akademiyası və Harvard universitetindəki illərdən başlayaraq, Konqresin Nümayənədələr Palatasında Kanzas ştatını təmsil etdiyi illərə qədər onun xidmətləri ilə bağlı yüksək fikir söyləyir.

Prezident Tramp bu yaxınlarda Pompeonu Şimali Koreya lideri Kim Yonq Unla planlaşdırılmış zirvə görüşündən əvvəl danışıqlar aparmaq məqsədilə Pxenyana göndərib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun