Rusiya prezidenti Vladimir Putinə rusiyalıların yarısından da az adam etibar edir.
Rusiya İctimaiyyətlə Əlaqə İnstitutunun (RİƏİ) apardığı sorğunun nəticələrinə əsasən, seçkilərdən sonrakı ilk ay ərzində Vladimir Putinin reytinqi 7 faiz aşağı düşüb.
Bu Kemerovodakı faciə, "zibil" etirazları, rublun məzənnəsinin aşağı düşməsi və Qərb sanksiyalarından sonra baş versə də, sosioloqlar reytinqin azalmasını ənənəvi hal kimi qiymətləndirirlər.
RİƏİ sorğusuna görə, seçkidən bir həftə əvvəl prezidentə inanan rusiyalıların sayı 53.4 faizə bərabər olub.
Sonra isə göstərici 2018-ci il üçün rekord həddə - 55.4 faizə yüksəlib.
Seçkidən sonra, inam reytinqi hər həftə üzrə 1.5-2 faiz aşağı düşərək aprel ayına qədər 48.4 faiz təşkil edib. (RİƏİ-"Sputnik" sorğusu 2018-ci il aprelin 15-də 80 region üzrə min nəfər arasında aparılıb).
Maraqlısı budur ki, RİƏİ-nin sorğusundakı digər heç bir siyasətçiyə qarşı münasibət bu qədər nəzərə çarpan dərəcədə dəyişməyib.
Müdafiə naziri Sergey Şoyqunun reytinqi seçkilərdən sonra artıb və son həftədə hiss olunmayacaq dərəcədə aşağı enib.
Reytinqi artan siyasətçilərdən biri də Xarici İşlər naziri Sergey Lavrovdur.
Hökumətin başçısı Dmitriy Medvedyevin də etibar göstəriciləri seçkilərdən sonrakı bir ay ərzində 9.8 faizdən 10.7 faizə yüksəlib.
Onun məlumatlarına əsasən, prezidentə "mütləq etibar" edənlərin sayı martdan aprelin ortasınadək 43%-dən 41%-ə enib. Eyni zamanda Putinə səs verməyə hazır olanların sayı da 66 faizdən 64 faizə düşüb.
Ötən seçkidə prezident, Rusiya tarixində rekorda imza ataraq 76.69 səslə qalib gəlib.
BBC Rusca xidmətinin əməkdaşlarının müsahibə aldığı ekspert və politoloqlar prezidentin reytiniqinin aşağı düşməsini müxtəlif səbəblərə bağlayıblar.
1. Yanğın, zibil və sanksiyalar
Sosioloqlar tərəfindən reytinqin enməsi gözlənilən olsa da, bu enməyə diqqəti onun sürəti cəlb edir, RİƏİ rəhbəri Valeriy Fyodorov etiraf edir.
Rusiyalıların prezidentə münasibətinə Kemerovoda martın sonu baş verən və 60 nəfərin ölümü ilə nəticələnən yanğın da təsir edib, Fyodorov deyir.
Bu, insanların diqqətini kampaniyanın pozitiv abı-havasından daxili problemlərə tərəf yönəltdi.
Politoloq Qleb Pavlovski diqqəti ötən ay baş verən əsas hadisələr münasibətdə prezidentin "gecikən" reaksiyasına çəkir: Moskva ətrafındakı zibilxanalara qarşı mitinqlər, millət vəkili Leonid Slutskinin təcavüzü nəticəsində Duma qalmaqalı, Kemerovoda yerləşən ticarət mərkəzi "Zimnyaya Vişnya"dakı yanğın. Məhz gec reaksiya da prezidentə qarşı inama təsir göstərə bilər.
Ən vacibi isə neqativ reaksiyanı "Putin çoxluğu" adlanan insanlar arasında da sezmək mümkündür.
"Hakimiyyətə qarşı ən çox sezilən zərbələr ona (Putin çoxluğu - BBC Rusca) aid insanlar tərəfindən gəldi. Buraya həm cəsarətli və təhlükəli addım ataraq Kreml rəhbərliyinə şikayət edən Serpuxov rayonunun başçısı daxildir. Buraya həm yanğında övladlarını itirən və Kemerovo etirazlarının təşkilatçısı İqor Vostrikov daxildir. Bütün bu insanlar səmimi putinçilərdir. Lakin Putin onları məyus etdi və görünən budur ki, tək onları yox, eləcə də öz koalisiyasını təşkil edən insanların böyük bir hissəsini," Pavlovski izah edir.
Politoloq Konstantin Kalaçev isə deyir ki, məyusluğun digər mühüm səbəblərindən biri də yeni sanksiyalar əsasında yaranan iqtisadi problemlərdir.
"Artıq pisləşmə nəzərə çarpır. Qiymətlərin yüksəlməsi təhlükəsi var, artıq benzinin qiyməti qalxıb," o misal çəkir.
Onun sözlərinə görə, seçkilərdən sonra rublun məzənnəsi 2014-cü ildəki vəziyyətə düşsəydi, Putinin də reytinqi qalxar və maksimuma çatardı.
Son olaraq, prezidentə inam dərəcəsinə onun Qərbə qarşı ictimai mövqeyi də təsir göstərə bilər, Fyodorov "Vedmosti"yə deyib.
Putin özünü təmkinli aparır, lakin Rusiyanın mövqeyi müdafiə xarakteri daşıyır ki, bunun da prezidentə inam ilə əlaqəsini sezmək olar.
2. Ənənəvi hal
"Levada mərkəzi"nin başçısı sosioloq Lev Qudkov bildirir ki, seçkilərdən sonra reytinqin aşağı düşməsi təbii göstəricidir.
"Seçki kampaniyası aparılır, anidən ümidlər artır. Onlar ümumi rifah, parlaq gələcək və sairdən asılıdır. Bu illüziyalar adətən sürətlə də yoxa çıxır. Bütün seçki kampaniyaları qısamüddətli nikbinlik partlaması ilə müşayiət olunurlar, amma sonradan hər şey adi səviyyəsinə düşür," Qudkov deyir.
Eyni izahı RİƏİ baş direktoru Valeriy Fyodorov da verir. "Vedomosti" ilə müsahibəsi əsnasında o izah edib ki, bir çox sakinlər siyasətə yalnız seçki kampaniyaları zamanı qarışırlar və "buna görə də inam səviyyəsinin azalması prosesi adəti bir haldır".
Düzdür, keçən prezident seçkilərindən sonra, bənzəri tendensiya müşahidə edilməmişdi.
2012-ci ildə sosioloqlar seçkilərdən sonrakı beş həftə ərzində Putinin reytinqində artımı qeydə almışdılar.
O zaman martın 11-dən aprelin 8-nə qədər reytinqi 52.8 faizdən 58.1 faizə yüksəlmişdi və yalnız bundan sonra, azalmağa başlamışdı.
Siyasi məsləhətçi Konstantin Kalaçev hesab edir ki, etibar reytinqinin ötən aydan sonra azalması əslində normal səviyyəyə qayıdışdır.
"Pik hədd yalnız seçkilərdən əvvəlki həftədə müşahidə olunub. Aydındır ki, seçkilər ərəfəsində bütün təbliğat əsas namizədin reytinqinin artmasına köklənir. İnsanlara cazibədar gələcək obraz təqdim edilir ki, bu da sosial nikbinliyin yüksəlməsinə səbəb olur," mütəxəssis deyir.
Bundan əlavə, seçkilər özü də bayram və festival ruhunda aparılır, Kalaçev davam edir. Reytinqə dalğa kimi nəzər salsaq, o zaman seçkiləri pik nöqtəsi adlandırmaq olar: "Ani möcüzə baş vermədikdə dalğa aşağı enir."
"Seçkilərdən əvvəl reytinqin artırılması uğrunda işlər gedir. Prezidentə diqqəti artırmağın formaları da var. Bu reytinqi artırsa da, süni səfərbərlikdir," politoloq Qleb Pavlovski də razıdır.
3. Qeyri-dəqiqlik tərkibində çalxalamalar
RİƏİ-nin qeydə aldığı enişi buraxılan qeyri-dəqiqliklə də bağlamaq olar deyə "Levada mərkəzi"nin rəhbəri Qudkov söz açır.
Onun sözlərinə əsasən, 7 faizlik statistik səhvdən azca çoxdur. 3-4 faizlik oynama dərəcəsi ümumilikdə böyük hesab olunmur, sosioloq izah edir.
"Yəqin ki, Kemerovodakı hadisə və Qərb ilə gərginləşən vəziyyət nəticəsində yaranan qorxu öz rolunu oynayıb. Amma bunun təsadüfi oynama, normal eniş, seçkilərdən sonra səfərbərliyin təsiri və ya inam azalmasında sabit trend olduğunu bilmək üçün hələ bir neçə ölçü götürmək lazımdır," Qudkov vurğulayır.
Pavlovskiyə görə, enişi dəqiq izah etmək hal-hazırda mümkün deyil.
"Bunun artan göstəricinin geri qayıtması və ya seçkilərdən sonra, Putinin yeni yeri ilə bağlı olduğunu demək çətindir," ekspert söyləyir.
Fyodorovun sözlərinə əsasən, Putinin narahat olması üçün heç bir əsas yoxdur - ona inam 45 faizdən aşağı düşməyib və reytinq oynamalıdır.
Bundan əlavə, prezident nə qədər KİV-in diqqət mərkəzində olarsa, inam səviyyəsi də bir o qədər yüksək olar, Fyodorov diqqət çəkir.