Şəki Regional Perinatal Mərkəzinin direktor vəzifəsini icra edən Saniyə Məmmədova şübhəli şəxs qismində tutulub.
Bu barədə Baş Prokurorluğun aprelin 3-də yaydığı məlumatda bildirilir. Məlumata görə, Şəki şəhər sakini Türkan Məmmədova martın 28-də Perinatal Mərkəzdə qeysəriyə əməliyyatı keçirib. Martın 31-də isə elə həmin Mərkəzdə vəfat edib.
«Bu ölüm faktı ilə bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq - vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb», - məlumatda vurğulanır.
Baş Prokurorluq bildirir ki, iş üzrə zəruri istintaq hərəkətləri aparılaraq, məhkəmə-tibb və kompleks məhkəmə-tibb ekspertizaları təyin edilib.
Saxlanan S.Məmmədova, eyni zamanda, mərkəzin Hamiləliyin patologiyası şöbəsinin müdiri olub.
Prokurorluğun bu açıqlamasına S.Məmmədova və ya onun vəkilinin münasibətini almaq mümkün olmayıb.