Rusiyanın medianı tənzimləyən orqanı olan Roskomnadzor bu ilin sonunadək Facebook sosial şəbəkəsini yoxlayacaq.
O vaxtadək hakimiyyətin bu sosial şəbəkəylə bağlı tələbləri yerinə yetirilməsə, onun bağlanması məsələsi qaldırıla bilər. Bu barədə qurumun rəhbəri Alexander Jarov “İzvestiya” qəzetinə müsahibəsində deyib.
Jarov “yerinə yetirilməli olan” maddələri də sadalayıb. Onların sırasında Rusiya vətəndaşları barədə məlumatlar bazasının Rusiya ərazisində yerləşdirilməsi, qadağan olunmuş informasiyanın silinməsi, eləcə də “digər qanunlara əməl olunması” var.
“İNTERNETİ BÜTÜNLÜKDƏ ÇÖKDÜRMƏK” PLANLARI YOXDUR
Roskomnadzor rəhbərinin deməsinə görə, bunlardan hansısa biri yerinə yetirilməsə, Facebook bağlana bilər. O, şirkət təmsilçiləri ilə mütəmadi görüşdüyünü, fevralda aparılan danışıqlarda da qurumun mövqeyinin bir daha dilə gətirildiyini söyləyib.
Roskomnadzor başçısı hələ sentyabrda Rusiya ərazisində Facebook-un bağlana biləcəyindən danışırdı.
Telegram mobil mesajlaşma əlavəsinin bağlanmasıyla bağlı Jarov deyib ki, qurumun “bütün interneti çökdürmək” planı yoxdur.
Telegram Federal Təhlükəsizlik Xidmətinə (FSB) istifadəçilərin yazışmalarının kodunu vermədiyindən onu Rusiyada bağlayırlar. Bazar ertəsindən başlayaraq Roskomnadzir Amazon və Google şirkətlərinin Telegram-a bağlı IP ünvanlarını da bloklamağa başlayıb. Bundan yüzlərlə onlayn servis, internet mağazalar, kuryer xidmətləri, klaud bazaları, onlayn oyunlar, Microsoft şirkətinin xidmətləri, Viber messenceri, həmçinin “Odnoklassniki” sosial şəbəkəsi ziyan görüb.
60-a yaxın Rusiya şirkəti hüquqi yardım üçün “Agora” hüquq-müdafiə qrupuna müraciət edib. Hazırda zərərçəkən xidmətlər onlara dəyən ziyanı dəyərləndirirlər və məhkəməyə müraciət edə bilərlər.