Rusiya ABŞ-dan Suriyanı vurmamağı xahiş edir

Rusiya ABŞ-dan Suriyanı vurmamağı xahiş edir
11 Aprel 2018
Mətni dəyiş

Rusiyanın BMT-dəki səfiri Birləşmiş Ştatlardan xahiş edir ki, Suriyaya zərbə endirməsin.

 Vasily Nebenzya bu xahişlə aprelin 10-da axşam çıxış edib.

Bundan öncə isə BMT-nin Təhlükəsizlik Şurasında Dəməşq yaxınlığına şübhəli kimyəvi silahla hücumla bağlı təkliflər keçməyib. ABŞ və Rusiya aprelin 7-də Duma şəhərinə hücumun araşdırılmasını təklif edirdi. Həmin hücumda azı 40 nəfər öldürülüb.

GƏMİLƏR HAZIR VƏZİYYƏTDƏDİR

Reuters və TASS agentlikləri aprelin 10-da xəbər veriblər ki, Avropanın hava nəqliyyatına nəzarət agentliyi təyyarələrə Aralıq dənizinin şərqində ehtiyatlı davranmağa çağırıb, “72 saat ərzində Suriyaya hava-yer tipli, yaxud qanadlı raketlərlə hücumlar endirilməsi mümkündür”.

Suriya ordusu qüvvələrini hazır vəziyyətə gətirib. ABŞ donanmasının raketdən müdafiə sistemiylə təchiz olunmuş USS Donald Cook gəmisi isə Aralıq dənizindən Suriyanı vura biləcək məsafəyə yerləşdirilib.

ABŞ prezidenti Donald Trump xəbərdarlıq etmişdi ki, Dumaya hücum edənlər buna görə “böyük bədəl” ödəyəcəklər. Trump aprelin 10-da Cənubi Amerikaya planlaşdırılan səfərini təxirə salıb, Ağ evin məlumatına görə, məqsəd Suriyadakı duruma diqqət ayırmaqdır.

“Sizdən bir daha xahiş, rica edirəm ki, Suriyayla bağlı hazırladığınız planları dayandırasanız”, – Nebenzya ABŞ-ın BMT-dəki səfiri Nikki Haley-yə deyib. ABŞ-ın Suriyaya hərbi zərbələr endirmək təhdidləri “hamımızı çox narahat etməlidir”, – o, sözlərinə əlavə edib.

BMT-nin Təhlükəsizlik Şurası isə hücuma görə kimin məsuliyyət daşımasını aydınlaşdıracaq təhqiqatla bağlı razılığa gələ bilməyib.

ABŞ-ın hazırladığı qətnamə layihəsinə Rusiya veto qoyub. Qətnamə Suriyada kimyəvi silah hücumlarının arxasında kimin durmasıyla bağlı müstəqil təhqiqatın başladılmasını nəzərdə tuturdu. Şura sənədi 12-2 səs çoxluğuyla təsdiqləmişdi. Rusiyanın müttəfiqi Çin isə səsverməyə qatılmayıb.

“BƏHANƏ”

“Tarix Rusiyanın bu gün Suriya xalqının həyatını deyil, bədheybəti seçdiyini yadda saxlayacaq”, – deyən Haley Suriya prezidenti Bashar al-Assad-ı nəzərdə tutub.

Nebenzya isə Birləşmiş Ştatları ittiham edib ki, məğlub olacağını bilə-bilə şurada səsvermə təşkil edir, sonra bundan “Suriyaya qarşı güc tətbiqini əsaslandırmaqdan ötrü” bəhanə kimi yararlanır.

Rusiya artıq 12-ci dəfədir Suriyayyla bağlı təklifi önləməkdən ötrü veto hüququndan istifadə edir.

Şurada Rusiyanın iki təklifi səsə qoyulub, heç biri gərəkən doqquz səsi toplaya bilməyib.

ABŞ BMT-nin daha öncəki Birgə Təhqiqat Mexanizminin işinin bərpasını təklif edirdi. Qrupu fəaliyyəti ötən noyabrda dayandırılıb, Rusiya onun mandatının təzələnməsinə veto qoyub.

Panel belə bir qənaətə gəlmişdi ki, 2017-ci ilin aprelində Xan Şeyxun kəndində 100-dək adamın ölümünə səbəb olmuş sarin sinir qazını Suriya hava qüvvələri buraxıb.

Bu hücumdan sonra Trump Suriyanın hava bazasına raket zərbələri endirilməsinə göstəriş verdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun