Putin bu həftə Türkiyə gedir

Putin bu həftə Türkiyə gedir
2 Aprel 2018
Mətni dəyiş

Rusiya prezidenti Vladimir Putin bu həftə Ankaraya ikigünlük səfər edəcək, türkiyəli və iranlı həmkarlarıyla görüşəcək.

Putin aprelin 3-də Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində türkiyəli həmkarı Recep Tayyip Erdogan ilə görüş keçirəcək.

Kremlin aprelin 2-də bildirməsinə görə, qarşılıqlı ticari və iqtisadi əməkdaşlıq, “özəlliklə, enerji sektorunda birgə strateji layihələrin” icrası müzakirə olunacaq.

İki liderin telekonfrans vasitəsiylə Akkuyu nüvə enerjisi zavodunun ilk bölümünü işə salacağı da gözlənir.

SURİYANI DA MÜZAKİRƏ EDƏCƏKLƏR

2015-ci ilin aprelində Rusiyanın Rosatom nüvə enerji konqlomeratı 20 milyard dollarlıq, dörd bölmədən ibarət zavodun tikintisinə başlayıb.

Akkuyu Türkiyənin ilk nüvə enerjisi zavodudur, Aralıq dənizi sahilində yerləşir.

Kreml bildirir ki, Putin-lə Erdogan “regional və beynəlxalq məsələləri, terrorçuluqla birgə mübarizəni, Suriyadakı durumu da müzakirə edəcəklər”. Aprelin 4-də isə onların Ankarada İran prezidenti Hassan Rohani ilə üçtərəfli görüşü də gözlənir.

Hər üç ölkə Suriyada yeddi ildir davam edən vətəndaş müharibəsinə qatılıb, Qazaxıstanın paytaxtı Astanada sülh danışıqlarına sponsorluq edirlər.

Rusiyayla İran Suriya prezidenti Bashar al Assad hökumətini dəstəkləyir. Türkiyə isə Assad-ı devirməyə çalışan üsyançılara arxa durur.

2015-ci ilin noyabrında Türkiyə qırıcıları Suriya ilə sərhəd yaxınlığında Rusiya hərbi təyyarəsini vurandan sonra ikitərəfli münasibətlər pisləşdi. Ancaq Putin-lə Erdogan əlaqələri bərpa etməyə çalışıblar.

Hazırda Ankara Rusiyadan S-400 raketdən müdafiə sistemləri almaqdan ötrü danışıqlar aparır. Bu isə Türkiyənin NATO-dakı müttəfiqlərini əndişələndirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun