Məhkumları elektron qolbaqla izləməyi nəzərdə tutan qanun işə düşüb

Məhkumları elektron qolbaqla izləməyi nəzərdə tutan qanun işə düşüb
16 Aprel 2018
Mətni dəyiş

Aprelin 15-də məhkum edilən və ya barəsində qətimkan tədbiri seçilən şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrindən istifadə qaydaları və elektron nəzarət vasitələrinin siyahısı təsdiqlənib.

Bu barədə Nazirlər Kabineti (NK) məlumat verib. Bildirilir ki, baş nazir Artur Rasizadə istifadə qaydalarını və siyahını təsdiq edib.

Qərara görə, məhkum edilən və ya barəsində qətimkan tədbiri seçilən şəxslərə 4 növ vasitə tətbiq edilə biləcək: elektron qolbaq, mobil nəzarət qurğusu, ev nəzarət stansiyası və ev siqnal ötürücüsü.

Elektron qolbaq şəxsin ayağına bağlanacaq. Həmin vasitə coğrafi yerdəyişməni izləyəcək, monitorinq mərkəzinə bununla bağlı məlumat ötürəcək.

Mobil nəzarət qurğusu elektron qolbaqla birgə istifadə ediləcək. O, daim şəxsin yanında olacaq, qolbaqdan daxil olan izləmə məlumatlarını eyniləşdirərək monitorinq mərkəzinə verəcək.

Ev nəzarət stansiyası da elektron qolbaqla birgə istifadə edilməlidir. O, şəxsin yaşadığı evdə quraşdırılan elektron cihazdır.

Evdə quraşdırılmalı olan ev siqnal ötürücüsü isə elektron qolbaqdan daxil olan siqnalları mobil nəzarət qurğusuna ötürən elektron vasitədir.

2017-ci ilin oktyabrında ölkə parlamenti Azərbaycan prezidentinin Cinayət Məcəlləsinə təklif etdiyi dəyişiklikləri təsdiqləyib. Bununla da , Cinayət Məcəlləsinə yeni cəza növü - azadlığın məhdudlaşdırılması daxil edilib. Azadlığın məhdudlaşdırılması məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarətdə saxlanmasından ibarətdir.

Elektron nəzarət vasitələri ilə izləmə məhz həmin dəyişikliklərin bir parçası idi.

Cinayət Məcəlləsinə əlavə edilən 156-1-ci maddədə yazılır ki, elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə onun dəyəri həmin şəxsdən tutulacaq.

Elektron nəzarət vasitəsi tətbiq olunan şəxs qadağalara əməl etməzsə, onu daha ciddi qətimkan tədbiri gözləyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun