ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Müdafiə Nazirliyi Suriyada Bəşşar Əsəd hakimiyyətinin nəzarəti altında olan ərazilərdəki 22 əsas hədəfin xəritəsini hazırlayıb.
CNNTurk xəbər verir ki, ABŞ-ın bombalayacağı yerlər arasında İranın dəstəklədiyi silahlıların məntəqələri, Rusiya hərbçilərinin də yerləşdiyi Humus və Tartusdakı hərbi bazalar da var.
Bildirilib ki, Humus və Tartus bölgələrində ABŞ-ın zərbə endirəcəyi ehtimal olunan məntəqələr arasında ayrıca yer alan 2 hərbi bazada Rusiya hərbçiləri fəaliyyət göstərir.
Əməliyyatı ABŞ, Böyük Britaniya, Fransa və İsrail birgə koordinasiya edəcək. Bombardman dəniz, hava və quru qoşunlarının raketləri ilə gerçəkləşdiriləcək.
Qeyd edək ki, aprelin 8-də müxalifət qüvvələrinin nəzarəti altında olan Şərqi Guta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edilib. Kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib. Zərərçəkənlərin çoxunun körpə və azyaşlı uşaqlar olduğu bildirilib.
ABŞ başda olmaqla Qərb dövlətləri bu cinayəti Bəşşar Əsəd rejiminin törətdiyini bəyan ediblər. Donald Tramp bu hava zərbəsinin cavabsız qalmayacağını bildirib.