Rusiya Birləşmiş Ştatlarla münasibətlərinin əməlli düzəlməsindən ötrü ABŞ-da seçkiyə müdaxilə, Britaniyada keçmiş casusa sinir qazı hücumu, Ukrayna və Suriyadakı durumla bağlı Vaşinqtonun narahatlıqlarına cavab verməlidir.
Bunu ABŞ-ın yeni milli təhlükəsizlik müşaviri John Bolton Rusiyanın səfirinə deyib.
Ağ evin aprelin 19-da yaydığı bəyanata görə, aprelin 9-dan müşavirlik postunda H.R. McMaster-i əvəzləyən Bolton Rusiyanın Vaşinqtondakı səfiri Anatoly Antonov-la görüşüb.
“Onlar ilk görüşlərində Birləşmiş Ştatlarla Rusiyanın münasibətlərini götür-qoy ediblər”, – bəyanatda deyilir.
“Səfir Bolton vurğulayıb ki, daha yaxşı münasibətlər həm Birləşmiş Ştatların, həm də Rusiyanın marağındadır, ancaq bundan ötrü sözügedən problemlər həllini tapmalıdır”, – bəyanatda vurğulanır.
GƏRGİNLİK MƏNBƏLƏRİ
Prezident Donald Trump iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istəyini dilə gətirsə də, bir neçə qlobal məsələ Vaşinqtonla Moskva arasında gərginliyi artırıb.
ABŞ kəşfiyyat icması Rusiyanı 2016-cı ildə prezident seçkisinin nəticəsinə təsir göstərmək məqsədiylə genişmiqyaslı kiberhücumlarda və təbliğat kampaniyasında ittiham edib.
2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını ilhaq etdiyinə, Ukraynanın şərqində rusiyapərəst separatçılara dəstək göstərdiyinə görə ABŞ və Avropa Moskvaya sanksiyalar qoyub.
ABŞ hərbçiləri Suriya prezidenti Bashar al-Assad-a göstərdiyi dəstəyə görə Rusiyanı tənqid edir, Suriyada şübhəli qaz hücumuna görə Moskvanın məsuliyyət daşıdığını bildirir.
Üstəlik, Birləşmiş Ştatlar Böyük Britaniyada keçmiş rusiyalı casusun sinir qazıyla zəhərlənməsində də Londonun mövqeyini paylaşıb. London keçmiş casus Sergei Skripal və qızı Yulia-nın zəhərlənməsində Rusiyanın əli olduğunu bildirir.
Moskva isə seçkiyə müdaxilə, Skripal-ların zəhərlənməsiylə bağlı iddiaları danır, Suriyada kimyəvi hücum xəbərlərinin isə saxta olduğunu bildirir.
69 yaşlı Bolton əvvəl BMT-də səfir olub. O, onillər boyunca respublikaçıların xarici siyasətində sərt mövqeyilə seçilib. Məsələn, o, Şimali Koreyaya qabaqlayıcı hərbi hücumların, İranla müharibənin tərəfdarı olduğunu deyib.