MTN-in Antiterror Mərkəzinin polkovniki, 2015-ci ilin oktyabrında nazirlikdəki əməliyyatdan sonra həbs edilmiş Azər Mehdiyev kasıblıqdan şikayətlənir.
Deyir ki, vəkil tutmağa maddi imkanı yoxdur. Bu barədə o, aprelin 12-də öz məhkəməsində danışıb.
MTN-dəki əməliyyatdan sonra bu qurumun 20-dən artıq vəzifəlisi saxlanılsa da, onların işi sonradan bir neçə qrupa bölünüb, ayrı-ayrılıqda məhkəməyə göndərildi. A.Mehdiyev də işlədiyi idarəyə – MTN-in Antiterror Mərkəzinə on ildən artıq rəhbərlik etmiş general Elçin Quliyevlə birlikdə mühakimə olunur. Onlar barələrində çıxarılmış hökmdən apellyasiya şikayəti veriblər.
Aprelin 12-də məhkəmədə məlum olub ki, təqsirləndirilən A.Mehdiyevin vəkili Qubad Salayev vəfat edib. Hakim Sahibxan Mirzəyev təqsirləndirilən polkovnikdən yeni vəkili olub-olmadığını soruşub. A.Mehdiyev bildirib ki, yeni vəkil tutması üçün ailə üzvləri danışıqlar aparır, amma maddi durumu imkan vermir:
“Bizim müəyyən çətinliklərimiz var. Maliyyə durumumuz çox ağırdır. İki il yarımdır ki, həbsdəyəm. Ailənin yeganə gəlir gətirəni mən olmuşam”.
Hakim deyib ki, özünün maddi imkanı çatmırsa, ona dövlət hesabına vəkil təyin oluna bilər. A.Mehdiyev razılaşıb və dövlət hesabına vəkil istəyib.
17 saylı hüquq məsləhətxanasından Mehram Kərimov ona vəkil təyin edilib. Yeni vəkil işlə tanış olmaq üçün vaxt istəyib. Ona aprelin 19-na qədər vaxt verilib.