Fransa prezidenti: "Suriyaya hücumla türkləri ruslardan ayırdıq"

Fransa prezidenti: "Suriyaya hücumla türkləri ruslardan ayırdıq"
16 Aprel 2018
Mətni dəyiş

Fransa prezidenti Emmanuel Macron ABŞ prezidenti Donald Trump-ı Suriyadan çıxmamağa və əvəzində onu orda uzun müddət qalmağa inandırıb.

Emmanuel Macron ölkə televiziyasına verdiyi müsahibəsində onu da deyib ki, Suriyaya hücumla Türkiyəni Rusiyadan ayırıblar: "Bu hücumla türkləri ruslardan ayırdıq. Türklər kimyəvi silahları qınadı".

Türkiyə baş nazirinin köməkçisi və sözçüsü Bekir Bozdağ onun bu sözlərinə reaksiya verib.

O deyib ki, Türkiyənin Suriya siyasəti "hər hansı bir ölkənin yanında və ya qarşısında olma siyasəti" deyil, "haqqın və həqiqətin yanında olması siyasətidir".

Fransa televiziyasına müsahibəsində Emmanuel Macron deyib ki, 10 gün əvvəl prezident Trump ABŞ-ın Suriyadan çıxacağını bildirmişdi: "Ancaq mən onu inandırdım ki, orda uzun müddət qalmaq lazımdır".

Bu ayın əvvəlində Donald Trump ABŞ-ın Suriyadan öz qüvvələrini çəkəcəyini bildirmişdi.

Ötən həftənin sonu ABŞ, Britaniya və Fransa Suriya hökumətini kimyəvi silahdan istifadədə ittiham edərək onun hərbi bazalarını vurub.

Emmanuel Macron-un bu bəyanatının ardınca Ağ ev bildirib ki, ABŞ-ın Suriyadan qüvvələrini çıxarmaqla bağlı planı dəyişməyib.

ABŞ-ın Suriyanın şərqində 2 min hərbi qüvvəsi var. Onlar özünü İslam Dövləti adlandıran silahlı qruplaşmaya müqavimət göstərən Suriya Demokratik Qüvvələri və kürdlərlə müttəfiqdir.

Emmanuel Macron Qərb müttəfiqlərinin Suriyada "hərəkət etmək üçün tam beynəlxalq legitimliyə" sahib olduğunu söyləyib.

O deyib ki, müttəfiqlərin Dəməşq yaxınlığında yerləşən Douma şəhərində aprelin 7-də kimyəvi hücum həyata keçirilməsi və buna Suriya hökümətinin cavabdeh olması barədə aşkar sübutları olub.

Suriya bunu qətiyyətlə inkar edir.

Cənab Macron prezident Vladimir Putinə xitabən deyib ki, Suriya hökümətini hərbi dəstəkləyən Rusiya da məsuliyyət daşıyır. Fransa prezidenti əlavə edib ki, o hələ də bütün tərəflərin, o cümlədən, Rusiyanın bir araya gəlib yaranmış vəziyyətin siyasi həllinin tapmasını istəyir.

Macron-un gələn ay Rusiyaya səfəri planlaşdırılır.

Suriyanın müttəfiqi Rusiyanın hazırladığı və ABŞ-ın rəhbərliyi altında keçirilmiş hava zərbələrini pisləyən bəyanat BMT Təhlükəsizlik Şurasında (TŞ) səsvermə nəticəsində rədd edilib.

Rusiyanın hazırladığı bəyanat rədd edildikdən sonra ABŞ, Britaniya və Fransa tərəfindən BMT Təhlükəsizlik Şurasının üzvləri arasında Suriyanın kimyəvi silahdan istifadə etməsi iddiası ilə bağlı müstəqil araşdırma aparılmasına çağırış edən yeni bir qərar layihəsi paylanıb.

Həmin dövlətlər tərəfindən bundan əvvəl təklif edilən bənzər məzmunlu plana qarşı Rusiya veto tətbiq etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun