Facebook Rusiya “trol fabriki”nə bağlı hesabları, postları silir

Facebook Rusiya “trol fabriki”nə bağlı hesabları, postları silir
4 Aprel 2018
Mətni dəyiş

Facebook sosial şəbəkəsi Rusiyanın “trol fabriki”nə bağlı onlarla hesabı sildiyini bildirir.

Birləşmiş Ştatlar “trol fabriki”ni 2016-cı ilin prezident seçkisinə müdaxiləyə yönəlik siyasi fəaliyyətdə ittiham edib.

Sosial şəbəkə aprelin 3-də axşam yaydığı bəyanatda bildirib ki, 70 Facebook hesabını, 138 səhifəni, 65 Instagram hesabını silib, bunların 95 faizi rus dilində imiş.

Silinmiş hesablar və səhifələrin Facebook-da 1 milyon, Instagram-da 500 min izləyicisinin olduğu, həmin izləyicilərin əsasən Rusiya, Ukrayna, Azərbaycan və Özbəkistanda yerləşdiyi qeyd edilir.

Pozulmuş səhifələrdə yerli və beynəlxalq siyasi məsələlərdən söz açılıb, Rusiya mədəniyyəti və turizmi təbliğ olunub, daha çox “gündəlik məsələlər” işıqlandırılıb. Facebook açıqlamasında pozulmuş səhifələrdən nümunələr də göstərib.

“PİS OYUNÇULAR”IN POSTLARI SİLİNƏCƏK

Sosial şəbəkənin bildirməsinə görə, pozulmuş məqalə və səhifələrin çoxunu Rusiyada mənzillənən Federal Xəbər Agentliyi (FAN) yerləşdirib və onun da Sankt Peterburqdakı “trol fabriki” adıyla tanınan İnternet Araşdırmaları Agentliyinə (IRA) bağlılığı var. Bu agentliyə ABŞ-da xüsusi müşavir Robert Mueller fevralda ittiham irəli sürüb.

Rusiyanın RBC media təşkilatı ötən il yazırdı ki, FAN və IRA vaxtilə eyni küçədə yerləşiblər və digər bağlılıqları da var.

Facebook rəhbəri Mark Zuckerberg “Reuters”ə müsahibəsində deyib ki, FAN “dəfələrlə bütün dünyada adamları aldatmağa, onlarla manipulyasiya etməyə çalışıb, onları Facebook-da görmək istəmirik”.

Yeni siyasət yürüdən Facebook “pis oyunçular”ın yaydığı bütün postların silinəcəyini vurğulayıb, hətta həmin postlar özlüyündə ziyansız görünsələr belə.

IRA ilə birlikdə 3 şirkət və 13 rusiyalı 2016-cı il seçkisi zamanı respublikaçıların namizədi Donald Trump-a dəstək, onun demokratlardan opponenti olan Hillary Clinton-u gözdən salmaq məqsədiylə müdaxilə cəhdlərində ittiham olunub.

Rusiya isə seçkiyə hər hansı müdaxilə etmədiyini bildirir. Rusiya prezidenti Vladimir Putin deyib ki, Mueller-in ittihamnaməsində adları çəkilənlərin heç birini Birləşmiş Ştatlara ekstradisiya etməyəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun