Ermənistan Milli Məclisində mayın 1-də keçiriləcək baş nazir seçkilərində parlamentdə çoxluq təşkil edən Ermənistan Respublikaçılar Partiyası (ERP) namizəd irəli sürməyəcək, partiyanın mətbuat katibi, parlament sədrinin müavini Eduard Şarmazanov bəyan edib.
"Biz namizəd təklif etməyəcəyik, lakin kimin lehinə səs verməyimiz namizədlərin kimliyi və onların proqramından asılı olar", - o deyib.
Bu məlumat Serj Sarkisyanın baş nazir vəzifəsindən istefa verməsinə nail olmuş və onun rəhbərlik etdiyi ERP-nin hakimiyyət strukturlarından kənar edilməsi tələbilə etiraz hərəkatının Vanadzor şəhərində mitinqi zamanı yayılıb.
Bu, Serj Sarkisyanın baş nazir vəzifəsindən istefasından sonra Paşinyanın rəhbərlik etdiyi etiraz hərəkatının ikinci qələbəsi sayıla bilər.
Etiraz hərəkatının lideri Nikol Paşinyan ERP-nin namizəd təklif etməməsinin yetərli olmadığını bildirdi.
O qeyd etdi ki, digər parlament fraksiyalarından da namizəd irəli sürülməyəcəyini gözləyir və, bundan başqa, onlar bəyan etməlidirlər ki, "xalq namizədini" - yəni Nikol Paşinyanı - dəstəkləyəcəklər.
Baş nazir məsələsi mayın 1-də həll olunmalıdır Yeni baş nazir mayın 1-də Ermənistan parlamentinin xüsusi iclasinda seçilməlidir.
Müxalif "Yelk" (Çıxış) fraksiyası Nikol Paşinyanın namizədliyini təklif edib.
Daşnaksutyun Erməni İnqilabi Federasiyası fraksiyası hələ namizəd təklif edib-etməyəcəyi, necə səs verəcəyini bildirməyib, lakin ötən həftə ERP ilə koalisiya tərkibindən çıxıb.
Sayca ikinci (31 millət vəkili olan) "Tsarukyan" fraksiyasının rəhbəri Qaqik Tsrukyan bu gün sahibi olduğu "Kentron" (Mərkəz) televiziya kanalına müsahibəsində bəyan edib ki, fraksiyası "xalqın namizədini" dəstəkləyir və ona da səs verəcək.
Belə olan halda belə, məsələn, 7 nəfərdən ibarət daşnaklar və 31 mandata sahib olan "Tsarukyan" fraksiyası 9 millət vəkili olan "Yelk"-ın namizədini dəstəkləsələr də, Paşinyanın seçilməsi üçün daha 13 səs lazımdır. Qələbə üçün parlament üzvlərinin 50 faizi plyus 1 - 53 səs lazımdır.
Nikol Paşinyanın sözlərinə görə, bəzi respublikaçılar da ona səs verəcəklərini bildiriblər. Bunun kifayət edəcəyi də məlum deyil.
Bu gün "Tsarukyan" fraksiyasının başçısı Qaqik Tsarukyan fraksiyasının mövqeyini bildirməyi vəd edib. Lakin əvvəlcədən etiraz hərəkatına həmrəylik bildirən Tsarukyan, çöx yaxın olduğu Avrasiya Birliyi ölkələrinin - xüsusilə Rusiya və Belarus - rəhbərliyi tərəfinin müdaxiləsi nəticəsində fikrini dəyişib, baş nazir vəzifəsinə öz namizədliyini təklif edə bilər.
"Xalqın namizədindən başqa, heç kəs ola bilməz" Lakin on minlərlə insanın dəstəyini qazanmış "məxməri inqilab"ın lideri Nikol Paşinyan bu gün Ermənistanın üçüncü böyük şəhəri Vanadzorda keçirilən mitinqdə bir daha elan etdi ki, bütün parlament fraksiyaları bir araya gəlib "xalqın namizədinə" səs verməlidirlər.
Nikol Paşinyan hamını ruhdan düşməməyə, "xalq namizədi"nin qələbəsi üçün "daha bir addım" atmağa, bazar günündən Yerevanda keçiriləcək geniş miqyaslı "ictimai itaətsizlik" aksiyalarına birləşməyə və axşam saat 19-da mitinqdə iştirak etməyə çağırdı.
Etiraz hərəkatı həftəsonu cümə və şənbə günləri mitinqlərini Ermənistanın Gümri və Vanadzor şəhərlərində keçirib.
Yüzlərlə avtomaşın karvanı artıq ikinci gündür Yerevandan bu şəhərlərə yollanır.
Şənbə günü avtokarvan Vanadzor istiqamətində etiraz hərəkatının lideri Nikol Paşinyanın doğma İcevan şəhərindən keçən yolu seçdi.
Bu gün də yol boyunca sakinlər - qadınlar və kişilər, yaşlılar və cavanlar, məktəb yaşlı və daha kiçik uşaqlar Paşinyanı qarşılamaq üçün kiçik və böyük dəstələrlə avtomobil karvanını musiqi və rəqslə, duz-çörəklə qarşılayır, "Nikol - baş nazir! Nikol baş nazir!" səsləyirlər.
"Tayfa, qəbilə idarəçiliyi ləğv ediləcək" Paşinyan əhaliylə görüşləri zamanı ölkədə haqq-ədalət bərpa etmək vədləri verir.
O, doğma İcevan şəhərində toplaşan həmyerliləri qarşısında çıxış etdi. Paşinyanbu şəhərdə doğulub yaşa dolduğunu, ata-anası, qardaşının burada yaşadığını vurğuladı, lakin əlavə etdi ki, özünü "icevanlı olduğu qədər qorisli, qapanlı, yeğeqnadzorlu, gümrili, vanadzorlu, qarabağlı sayır edir".
"İndən belə vəzifəsindən, statusundan asılı olmayaraq, hakimiyyət heç bir partiya, heç bir qrupa və ya klana məxsus olmayacaq". Hakimiyyət müstəsna olaraq xalqa məxsus olacaq. Bu qələbənin bir müəllifi, direktoru, sahibi var, o - yenilməz vətəndaş, Ermənistan Respublikası vətəndaşıdır", - Paşinyan doğma kəndində çıxışı zamanı bəyan etdi.
"Ermənistan klan idarəşilik sisteminin son səhifəsini örtdü. Ermənistan Respublikasında insanlar onların kimin qohum-əqrəbası, dost-qardaşı, aşnası olduğuna görə qiymətləndirilməyəcək. Bütün vətəndaşlar bərabər imkanlara malik olmalıdır... iqtisadiyyat, siyasət, təhsil sahələrində", - müxalifət lideri vəd edib.
Bazar günündən etiraz hərəkatının elan etdiyi "itaətsizlik aksiyaları" və ənənəvi axşam mitinqi Yerevanda keçirilməlidir.
Mayın 1-də isə Ermənistan parlamenti baş nazir vəzifəsinə namizəd məsələsini həll etməlidir. Parlamentdə təmsil olunan siyasi qüvvələr öz namizədlərini əvvəlki baş nazirin istefasından sonra 7 gün ərzində, aprelin 30-na kimi təqdim etməlidirlər.
Baş nazir Serj Sarkisyan Nikol Paşinyanın rəhbərlik etdiyi etiraz hərəkatının təzyiqi nəticəsində aprelin 23-də istefa verib.