Rusiya bu il Ermənistana yeni müqavilə əsasında silahlar verməyə başlayacaq.
Silahları əldə etmək üçün Ermənistan Rusiyadan 100 milyon dollar kredit götürəcək. Kredit ona 3 faizlə veriləcək.
Bu haqda jurnalistlərə ArmHiTech-2018 sərgisində Rusiyanın Hərbi-Texniki əməkdaşlıq üzrə Federal Xidmətinin direktor müavini Vladimir Drojjov bildirib.
Ötən ilin dekabrında Ermənistan prezidenti Serj Sarkisyan Rusiyadan 15 illiyinə 100 milyon dollarlıq müdafiə təyinatlı kreditin alınması haqda razılaşmaya dair qanun layihəsini imzalayıb.
Bundan əvvəl - 2015-ci ildə Ermənistan Rusiyadan 200 milyon dollarlıq kredit almışdı.
Həmin kreditlə Ermənistana müasir silahlar verilmişdi.
Ermənistanın müdafiə naziri Vigen Sarkisyan son illər bildirib ki, Rusiyadan "strateji önləmə" silahları" almağa çalışırlar.
İki il əvvəl Ermənistan Rusiyadan "İskander" raketləri aldığını bildirdi.
Erməni politoloqlar isə bu silahla Azərbaycanın istənilən nöqtəsini vurmağın mümkünlüyü barədə danışmağa başladılar.
Son illər Azərbaycan tərəfi də 300 kilometrə qədər hədəfləri vura bilən silahlarla maraqlanır.
Mətbuat yazır ki, Azərbaycan belə silahları Pakistan və ya Belarusdan əldə edə bilər.