Türkiyə prezidenti Recep Tayyip Erdogan və İsrailin baş naziri Benjamin Netanyahu Qəzzə zolağındakı son toqquşmalara görə bir-birini təhqir edib.
Həmin toqquşmalarda azı 15 fələstinli öldürülüb.
Aprelin 1-də Erdogan İsrailin sərhəddəki nümayişə hərbi güclə reaksiyasını pisləyib, Netanyahu-nu “terrorçu” adlandırıb.
“Siz işğalçısınız və hal-hazırda həmin torpaqlarda işğalçı kimi təmsil olunursunuz. Siz eyni zamanda terrorçusunuz”, – Erdogan deyib.
Erdoganın çıxışından öncə isə Netanyahu Twitter-də yazıb ki, “illərdir dinc əhalini bombardman edənlər” İsral ordusuna dərs keçə bilməz.
Netanyahu Erdogan-ın aprelin 1-də etdiyi başqa bir çıxışa eyham vurub. Türkiyə prezidenti həmin çıxışında İsrailin “qeyri-insani hücum”unu pisləmişdi.
Erdogan İsraili “terror dövləti” adlandırıb və deyib: “Dünyada sizi sevən kimsə yoxdur”.
Netanyahu isə Erdogan-ı “kürd kəndlilərini bombalayan” şəxs adlandırıb. Qeyd edək ki, Türkiyə ordusu Suriyanın şimalında kürd yaraqlılara qarşı əməliyyatlar aparır.
Martın 30-da Qəzzə sərhədindəki nümayişlər zamanı İsrail qüvvələri zorakılıq edənlərə atəş açıb, 15 nəfər öldürülüb. İsrail ölənlərdən 8-nin özünün və Qərbin terrorçu kimi tanıdığı Hamas qruplaşmasına, ikisinin digər yaraqlı fraksiyalara aid olduğunu bildirib.
Hamas isə öldürülənlərdən ikisinin qruplaşmanın silahlı qanadının üzvləri olduğunu deyib.