Avropa Birliyi Ermənistan prezidenti Armen Sarkisyanın baş nazirlə etirazçılar arasında danışıqların başlanması üçün təşəbbüs göstərməsini alqışlayıb.
Amma AB baş nazir Sarkisyanla etirazçıların lideri Paşinyan arasında baş tutmuş qısamüddətli görüş zamanı gərginliyin daha da artmasının qarşısını almağın mümkün olmamasından narahatlığını bildirib.
AB-nin təcili yaydığı bəyanatda deyilir ki, tərəflər zorakılıqdan çəkinməli və məsələni dinc yolla həll etməlidirlər.
***
Bəzi küçələrdə kütləvi saxlanmalara baxmayaraq Yerevandakı etiraz aksiyaları davam edir.
Etirazçıların bir qismi Erebuni küçəsindən Tiqran Mts və Arşakunyats prospektləri ilə şəhərin mərkəzinə üz tutublar.
Çoxlu sayda insanın qatıldığı yürüş şəhər meriyasının binasına çatıb. Aksiyaçıların sayı artır. Onlar Respublika meydanına tərəf hərəkət edirlər.
Oraya isə çoxlu sayda polis qüvvələri toplanıb.
***
Yerevan vaxtı ilə saat 13 00-a olan məlumata görə, polis 49 nəfəri saxlayıb.
***
"OMON" Yerevandakı Respublika meydanındakı aksiyaçıları da saxlamağa başlayıb.
Polis bildirir ki, aksiyalar qanunsuzdur və etirazçıları evə dağılışmağa çağırır.
Meydandakı aksiyaçılardan biri polisə müraciətlə bildirib ki, "əgər siz qanun-qayda yaratmağa gəlmisizsə, niyə maska geymisiz?"
Bundan sonra polis zabiti "OMON"çulara maskalarını çıxarmağı əmr edib.