Amnesty International: "İran dünyadakı edamların yarısına görə məsuliyyət daşıyır"

Amnesty International: "İran dünyadakı edamların yarısına görə məsuliyyət daşıyır"
16 Aprel 2018
Mətni dəyiş

Londonda yerləşən "Amnesty International" (AI) beynəlxalq insan hüquqları təşkilatı aprelin 12-də yayan hesabatda bildirib ki, "2017-ci ildə dünyada qeydə alınan bütün edamların yarıdan çoxu (51%) İranda həyata keçirilib".

İran edamların sayına görə dünyada Çindən sonra ikinci yeri tutur. Hesabatda deyilir ki, bütün dünyada gerçəkləşdirilmiş edamların 84%-i İran, Səudiyyə Ərəbistanı, İraq və Pakistana aiddir.

Azı 507 nəfər edam edilib Ancaq "Amnesty International", eyni zamanda, İranda edamların 2016-cı illə müqayisədə 5% azaldığını müşahidə edib.

Hesabatda deyilir ki, İran dünyada ölüm hökmünü qadağan etməmiş 23 ölkədən biridir: "İran azı 507 adamı edam edib. Bu isə regionda təsdiqlənmiş bütün edamların 60%-i deməkdir".

Hesabatda ötən il İranda edam edilmiş 507 şəxsdən 501-nin kişi, 6-sının qadın olduğu bildirilir.

"Yetkinlik yaşına çatmadan cinayət törətmiş azı beş nəfər edam edilib, 31 edam ictimaiyyət qarşısında gerçəkləşdirilib. Edamların 240-ı qətl, 205-i narkotik qaçaqçılığı, 4-ü zorlama, 11-i soyğunçuluq, 2-si Yer üzündə "pozğunluq" yaymağa,.. 2-si siyasi motivli cinayətlərə görə həyata keçirilib", – hesabatda deyilir.

AI bildirir ki, cinayət törədilən zaman yaşı 18-dən aşağı şəxslərə edam hökmünün çıxarılması və icrası beynəlxalq hüququn pozulmasıdır.

"İllər ərzində ilk dəfədir ki, "Amnesty International" adamöldürməyə görə edamların sayının narkotiklə bağlı cinayətlərin sayından artıq olduğunu qeydə alıb", – hesabatda daha sonra deyilir.

Qanuna dəyişiklik edilib "Amnesty International" narkotiklərlə bağlı cinayətlərə görə edamların ciddi azaldığını müşahidə edib. Bu, İran hökumətinin ötən ilin noyabrında antinarkotik qanunu qəbul etməsi ilə bağlıdır. Yeni qanunda saxlanılan narkotiklərin ölüm hökmünə yol açan miqdarı qaldırılıb.

AI – nin tədqiqatı göstərib ki, ölüm hökmünün çıxarıldığı işlərdə elementar ədalətli məhkəmə təmin olunmayıb və məhkəmələr ölüm hökmü çıxaran zaman çox vaxt işgəncə ilə əldə edilmiş "etiraf"lara əsaslanıblar.

Hesabatda daha sonra xatırladılır ki, işgəncələrə yol vermək BMT-nin İşgəncələrə qarşı Konvensiyası ilə qadağan edilib.

"İran və İraqda bu "etiraf"ların bəziləri məhkəmədən öncə televiziyada yayımlanıb. Bu isə müttəhimin günahı sübut olunanadək günahsız sayılması hüququnun daha da pozulması deməkdir", – sənəddə deyilir.

"Ölüm hökmündən geniş istifadə ciddi narahatlıq doğurmaqdadır. İran cinayət kimi tanınmayan davranışlara görə ölüm hökmü çıxarmaqda davam edib", -–sənəddə deyilir. Bunların arasında "Allaha qarşı çıxmaq", "Yer üzündə pozğunluq yaymaq" və "peyğəmbəri təhqir etmək" kimi cinayətlər var.

Çin birinci yerdədir AI Çində icra edilən edamların sayının dünyada ən yüksək olduğunu ehtimal edir. Ancaq Çin hökuməti edamların sayını "dövlət sirri" saydığından bu rəqəmlər açıqlanmır.

Təşkilatın siyahısında 2017-ci ildə 507 edam hökmünün icra olunduğu İran ikinci, Səudiyyə Ərəbistanı 146 edamla üçüncü yeri tutub.

"Amnesty International"ın İran üzrə tədqiqatçısı Raha Bahraini AzadlıqRadiosunun fars xidmətinə (Radio Farda) bildirib ki, "İran ölüm hökmünü ləğv etməməklə dünyadakı inkişafdan geri qalıb".

Bahraini qeyd edib ki, İran bu baxımdan qonşuları Səudiyyə Ərəbistanı, Pakistan və İraqdan geridədir. Belə ki, Tehran ötən il bu üç ölkədən qat-qat daha artıq insanı edam edib. "Bu ölkələr və Çin hələ də insanların yaşamaq hüququnu pozan dövlətlər olaraq ...azlıq təşkil edirlər", – deyə o əlavə edib.

Norveçdə fəaliyyət göstərən İran İnsan Hüquqları təşkilatının rəhbəri Mahmoud Amiri Moghaddam radionun fars xidmətinə bildirib ki, İranda gerçəkləşdirilən edamların 70%-dən 80%-ə qədəri haqda məlumat verilmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun