ABŞ Dövlət Departamenti bildirib ki, Suriyada qiyamçıların nəzarətində olan Duma şəhərinə iddia edilən kimyəvi hücum qurbanlarının simptomları bu hücumda əsəb-sinir sisteminə təsir edən “boğucu kimyəvi maddədən” istifadə edildiyini göstərir.
Departamentin aprelin 9-da yaydlığı bəyanatda deyilir ki, sözü gedən kimyəvi maddənin dəqiq növünü təyin etmək mümkün olmayıb, çünki Suirya rejimi və onun müttəfiqləri Rusiya və İran beynəlxalq monitorların bölgəyə girişinə mane olurlar.
Departament əlavə edib ki, Vaşinqton bu hücuma müvafiq reaksiyanı müttəfiqləri ilə müzakirə edir və “bu qəbuledilməz hücumun ciddi nəticələri olacaqdır”.
ABŞ prezidenti Donald Trump deyib ki, o sözü gedən hadisə ilə əlaqədar mövqeyini 24-48 saat ərzində bildirəcək.
Trump deyib ki, “ola bilsin” bu hücum üçin məsuliyyəti Vladimir Putin daşıyır.
O əlavə edib ki, “bu belədirsə o buna görə çox bahalı bədəl ödəyəcək…”
Ağ Evdə çıxış edən Trump deyib ki, “istər Rusiya olsun, istər Suriya, istər İran, istərsə də onların hamısı, biz bunu tezliklə aydınlaşdıracağıq…”
ABŞ-ın müdafiə naziri Jim Mattis aprelin 9-da deyib ki, Birləşmiş Ştatlar 40 nəfərin ölümü ilə nəticələnmiş iddia olunan qaz hücumuna hava zərbələri ilə cavab verilməsini istisna etmir.
Trump-ın hərbiyyə ilə keçirdiyi müşavirədə yeni milli təhlükəsizlik müşaviri John Bolton da iştirak edirdi. O əvvəllər Suriyaya hava zərbələri endirilməsinə tərəfdar olub.