Birləşmiş Ştatlar Rusiyanın hakimiyyət orqanlarını ötən həftə evinin balkonundan yıxılaraq ölmüş təhqiqat jurnalisti Maksim Borodinin ölümünün diqqətlə araşdırlmasına çağırıb.
ABŞ-ın ATƏT-dəki yeni səfiri Harry Kamian deyib ki, Birləşmiş Ştatlar Borodinin “müəmmalı ölümündən şoka düşüb”. Kamian bu barədə xüsusi bəyanatı aprelin 19-da ATƏT-in Vyanadakı daimi şurasına təqdim edib.
Kamian bu bəyanatda yazır ki, “Borodinin həmkarları onun heç bir depressiya keçirmədiyinə və intihar etmədiyinə inanırlar”.
Amerika nümayəndəsi deyib ki, “Rusiyada jurnalist qətlləri bir qayda olaraq açılmamış qalır və bu, ölkə boyunca mətbuat azadlığının vəziyyətinə mənfi təsir göstərir".
Aprelin 15-də Borodin Yekaterinburq şəhərindəki mənzilinin pəncərəsindən yıxılaraq aldığı xəsarətlərdən vəfat ediob.
Onun ölümü rəsmi olaraq intihar kimi araşdırılır.
32 yaşlı Borodin daimi olaraq Novı Den xəbər saytı üçün cinayət və korrupsiyaya dair materiallar yazırdı.
Son vaxtlarda onun məqalələri Suriyada döyüşən Rusiya muzdlularının ölümünə həsr olunmuşdu. O bir neçə həlak olmuş muzdlunun Uralın Asbest şəhərindən olduğunu aşkara çıxarmışdı.
Jurnalistlərin Müdafiəsi Komitəsi (CPJ) aprelin 16-da verdiyi bəyanatda bildirir ki, Rusiyanın hakimiyyət orqanları “Borodinin öz reportajlarına görə öldürüldyünə dair versiyanı da araşdırlmalıdır”.
CPJ təşkilatnın Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Nina Oqnianova deyib ki, “Rusiyanın hüquq-mühafizə orqanları Maksim Borodinin ölümünü yaxşıca araşdırmalı və burada hər hansı qəsdin olub-olmamasına aydınlıq gətirməlidir”.
Oqnianova deyib ki, Rusiya adətən mətbuat nümayəndələrinin ölümü ilə bağlı şübhələrə əhəmiyyət vermir.
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Desir aprelin 13-də deyib ki, Moskva Borodinin ölümü ilə bağlı “tam, şəffaf və müstəqil” araşdırma aparmalıdır.
Desir habelə hakimiyyət orqanlarını aprelin 12-də “Oblastnaya qazeta” qəzetinin redaktoruna qarşı qəddar hücumu həyata keçirənlərin ədalət qarşısına gətirilməsini tələb edib.
Dmitri Polyanin azı iki nəfər tərəfindən dəmir dəyənəklərlə döyüldükdən sonra xəstəxanaya gətirilmişdi.