Azərbaycan prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu gün, aprelin 4-də növbəti toplantısı olub.
Bunu “Turan” agentliyinə komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib.
Onun sözlərinə görə, toplantıda 100-dən artıq müarciətə baxış keçirilib və əksəriyyətinə də müsbət rəy verilib.
Nuriyev deyib ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı prezidentə təqdim ediləcək.
O hesab edir ki, əfv sərəncamı Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ərəfəsində imzalana bilər. Komissiyanın iclaslarının davam etməsi gözlənilir.
Bu il əfv komissiyasının ilk toplantısı yanvarın 30-da keçirilmişdi. İndiyədək ümumilikdə 5 iclas keçirilib. Komissiyaya əfv edilməsini istəyən 1000-dən artıq məhbusun müraciətinin daxil olduğu bildirilir.
İndiyədək komissiyada onların yarıdan çoxuna baxıldığı deyilir.