Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiyaya Nəzarət Təşkilatı (Roskomnadzor), ani mesajlaşma tətbiqi Telegram-ın qadağan olunacağını bildirib.
“Roskomnadzor”un internet saytından verilən açıqlamada, son dövrlər populyar proqram olan və rusiyalı sahibkar Pavel Durov tərəfindən yaradılan Telegram-ın Rusiya qanunlarına tabe olmaq üçün 15 günlük müddətinin olduğu, əks təqdirdə Rusiyada qadağan olunacağı bildirilib. Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Telegram-da aparılan yazışmalara nəzarət etmək və bunun üçün Telegram proqramına çıxış səlahiyyəti tələb edir. Telegram isə bu tələbi rədd edib. Telegram-n banisi Durov, Twitter üzərindən etdiyi açıqlamada, “Telegram, bağlanmasına dair təhdidlərə baxmayaraq, məxfilik siyasətini qorumağa davam edəcəkdir. Telegram azadlıq və məxfilik hüquqlarını müdafiə edəcəkdir”, -açıqlamasını edib. Aylıq 100 milyonun üzərində aktiv istifadəçisi olan Telegram proqramı, dünyanın ən populyar ani mesajlaşma tətbiq etmələri arasında yer alır.