Suriyada müharibə niyə qurtarmır?

Suriyada müharibə niyə qurtarmır?
4 Mart 2018
Mətni dəyiş

"Economist" yazır ki, bir məqamda hamı 400 min insanın ölümünə səbəb olmuş və bəşər tarixində ən böyük qaçqın problemi yaratmış 7 illik Suriya müharibəsinin nəhayət başa çatdığını düşünürdü.

2017-ci ilin sonlarına yaxın artıq özünü İslam Dövləti adlandıran ekstremist təşkilat tamamilə dağılmışdı. Bundan başqa bir-birini öldürməklə məşğul olan Əsəd qüvvələri və qiyamçılar da qətlləri dayandırmışdılar.

Hətta Əsədi müdafiə etmək üçün münaqişəyə müdaxilə etmiş Rusiya da bildirirdi ki, onun hərbi missiyası "əsasən başa çatıb". Prezident Putin Rusiya qoşunlarının əksər hissəsini vətənə qaytarmaqdan danışırdı. Amma elə həmin andan da sakitlik pozulub.

Türkiyə, kürd qüvvələri ilə döyüşmək üçün sərhəd bölgələrinə qoşun göndərib. Amerikalılar rusları öldürüblər. İsrail və İran arasındakı gərginlik yenidən tarıma çəkilib. Yaxşı, bəs Suriya müharibəsi niyə yenidən qızışır?

Cavab qismən belədir ki, İD iflasa uğrayıb və onun nəzarətindəki torpaqlar boşalıb. Ötən oktyabrda İD-in - bu əldəqayırma xilafətin paytaxtı Raqqa Suriya Demokratik Qüvvələrinin (SDQ) əlinə keçib. Əsasən kürdlərdən ibarət SDQ-dən amerikalılar İŞİD-lə mübarizə aparmaq üçün istifadə edirdilər. İD-in əlindən çıxmış əraziləri yenidən nəzarətə götürmək istəyən Əsəd qiyamçılarla atəşkəs elan edib.

Ötən dekabradək Bəşər Əsəd qüvvələri Fərat çayının qərbindəki, SDQ isə şərqindəki ərazilərə nəzarəti ələ alıblar. Amma elə bu anda hökumət qoşunları yenidən qiyamçılar üzərinə hücuma keçib. Fevral ayında Dəməşqin Quta ərazisi hökumət aviasiyası tərəfindən intensiv bombardman edilib.

İŞİD-in iflası böyük güclər arasındakı fikir ixtilaflarını artırıb. Onların hamısı Suriyanın gələcəyi məsələsində söz sahibi olmaq istəyir.

Ötən yanvar ayında ABŞ dövlət katibi Rex Tillerson bəyan edib ki, Amerika qoşunları İD təhlükəsi tamamilə aradan qalxana və münaqişəyə siyasi həll tapılanadək Suriyanın kürdlərin nəzarətində olan ərazilərində qalacaq. Öz növbəsində bu, NATO üzvü olan Türkiyəni qəzəbləndirib. Ankara ABŞ-ın Suriyadakı müttəfiqi olan YPG qüvvələrini terrorçu hesab edir.

Tillersonun bəyantından bir neçə gün sonra Türkiyə Suriyanın şimalında kürd YPG-nin nəzarətində olan Afrin bölgəsinə hərbi müdaxilə edib.

Recep Tayyip Erdoğan habelə Türkiyə qoşunlarının Suriyanın başqa bir şəhəri - Mənbicə hücum edəcəyi ilə hədələyib.

Belə bir vəziyyət NATO-nun iki üzvü arasında real toqquşma təhlükəsi yaradır.

Amerikanın Suriyada qalmaq niyyətindən ruslar da əsəbiləşiblər və Türkiyənin Afrinə hücumunu dəstəkləyiblər. Belə görünür ki, Amerikanın Suriyada qalmaq niyyətinin ciddiliyini sınamaq istəyən Kreml özünün Suriyadakı muzdlu döyüşçülərinə Amerikanın himayəsində olan bazaya hücum etmək əmrini verib. Bu sınaq çox sayda rus əsgərin ölümü ilə nəticələnib.

"Economist" yazır ki, bundan da pis vəziyyət hələ qarşıda ola bilər. İran müttəfiqi Hizbullahın təchizat yolunu əldə saxlamaq üçün öz yerini Suriyada möhkəmləndirməklə məşğuldur.

İranın dəstəklədiyi qüvvələr yavaş-yavaş İsrailin işğalı altında olan Qolan yüksəkliklərinə doğru sürünürlər. İsrail fevral ayında İranın bir dronunu vurub və sonra isə İranın dəstəklədiyi bazanı bombardman edib.

Suriya İsrailin bir təyyarəsini vurduqdan sonra İsrail də Suriyanın antitəyyarə batareyalarına zərbə endirib.

Heç bir tərəf açıq müharibə istəməsə də, bir çoxları toqquşmanın qaçılmaz olduğunu düşünürlər.

Fevralın 24-də BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəs haqqında qətnamə qəbul edib, amma bu sənədin iflasa uğrayacağı gözlənilir.

Türkiyə, İran və Əsəd döyüşləri davam etdirəcəklərini bildiriblər.

Beləliklə, Suriyada həddən artıq uzanmış bu münaqişə sülhdən daha da uzaqlaşacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun