"The Daily Mail" yazır ki, Səudiyyə Ərəbistanının qüdrətli vəliəhd şahzadəsi Məhəmməd bin Salman Türkiyəni "şər ücbucağının bir tərəfi" adlandırıb.
Onun sözlərinə görə qalan iki tərəf - İran və ekstremist islamçı qruplaşmalardır.
Misirin Aş-Şoruk qəzeti yazır ki, Səudiyyə şahzadəsi habelə Türkiyəni yüz il əvvəl Osmanlı imperiyası ilə birlikdə çökmüş İslam xilafətini bərpa etmək cəhdində günahlandırıb.
Vəliəhd şahzadə bununla yanaşı öz ölkəsi ilə Körfəz qonşusu Qətər arasında uzun müddətdir davam edən mübahisəni "boş şey" adlandırıb, amma sözündən belə çıxıb ki, bu "boş şey" hələ bir müddət davam edə bilər.
Qərbdə daha çox öz adının baş hərfləri ilə "MBS" adlandırılan Məhəmməd bin Salman, Səudiyyə Ərəbistanının İranın qarşısını çox uğurla kəsə bildiyini iddia edib.
Qahirədə qəzet redaktorlarına verdiyi müsahibədə MBS Müsəlman Qardaşlığı təşkilatını demokratiyadan sui-istifadədə ittiham edib və bildirib ki, bu təşkilatın hamisi olan Türkiyə xilafəti bərpa etməyə çalışır. Həm Səudiyyə, həm də Misir Müsəlman Qardaşlığı təşkilatını terrorçu qruplaşma kimi qadağan edib.
"The Mail" yazır ki, şahzadənin şərhləri Səudiyyənin prezident Recep Tayyip Erdoğana şübhəli münasibətini əks etdirir. Erdoğan hökuməti Səudiyyə Ərəbistanı və başqa Körfəz ölkələrinin Qətərlə mübahisəsində sonuncunun tərəfini saxlayıb.
Bundan başqa Türkiyə habelə Suriyadakı münaqişənin çözümü istiqamətində son aylarda İranla əməkdaşlıq edib. Ötən il iki ölkənin hərbi rəhbərləri qarşılıqlı səfərlərdə olublar.
Əş-Şoruk qəzeti şahzadə Məhəmmədə istinadən yazıb ki, "şərin müasir üçbucağı İran, Türkiyə və ekstremist dinçi qruplaşmalardan ibarətdir".
Bu Məhəmməd bin Salmanın vəliəhd şahzadə olandan bəri ilk xarici səfəri idi.
O deyib ki, Qətərlə mübahisə hələ uzun müddət çəkə bilər və bunu ABŞ-ın Kubaya qarşı 60 il əvvəl qoyduğu embarqo ilə müqayisə edib.
Lakin o eyni zamanda zəngin Qətərin əhəmiyyətini azaldaraq bu ölkənin Qahirənin bir küçəsindən də balaca olduğunu dilə gətirib.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn ötən iyunda Qətərlə diplomatik münasibətlərini kəsiblər. Bu ölkələr hazırda Qətərə qarşı dəniz və hava blokadasını davam etdirirlər.
Buna baxmayaraq Qətər dünyanın ən böyük maye qaz ixracatçısıdır və regionda ABŞ-ın ən böyük hərbi bazası da bu ölkədə yerləşir.
Sonda Məhəmməd bin Salman deyib ki, arada olan ixtilafa baxmayaraq Qətərin bu ayın sonlarında Səudiyyədə keçiriləcək Ərəb Liqası sammitində iştirakına blok qoyulmayacaq.