Rusiya silahlı qüvvələri Gürcüstandan qopardılmış Abxaziyada və Ukraynadan ilhaq edilmiş Krım yarımadasında genişmiqyaslı hərbi manevrlərə başlayıb.
Bu hərbi təlimlərə Vladimir Putin Rusiya prezident seçkisində böyük fərqlə qələbə qazandıqdan bir gün sonra, martın 19-da başlanıb.
Xəbər agentliklərinin məlumatlarına görə hərbi oyunlarda 8000-dək canlı qüvvə, çoxsaylı raket qurğuları, artilleriya sistemləri və başqa ağır silahlar iştirak edir.
Rusiya 2014-cü ildə Qara dənizdəki Krım yarımadasını ilhaq etdikdən sonra buradakı hərbi mövcudiyyətini kəskin artırıb.
Rusiya habelə, Gürcüstandan müstəqillik elan etmiş Abxaziya və Osetiyada qoşun hissələrini saxlayır.
2008-ci ildə baş vermiş qısa müharibədən sonra Rusiya Gürcüstanın bu iki separartçı bölgəsinin müstəqilliyini tanıyıb.
Lakin bu ərazinin müstəqilliyi və Krımın Rusiyaya aid olması beynəlxalq birlik tərəfindən tanınmır.