Livanın Ad-Diyar qəzeti martın 7-də yazıb ki, Suriyadakı qiyamçı qruplaşmalardan biri Rusiya təyyarəsinin bu həftə baş vermiş qəzasına görə məsuliyyəti öz üzərinə götürüb.
Bu təyyarədə Rusiyanın onlarca hərbçisi uçurdu.
Prezident Assad-a qarşı döyüşən Ceyş əl-İslam təşkilatının qəzetdə dərc olunmuş bəyanatındadeyilir ki, təyyarəni onun döyüşçüləri vurublar.
Ceyş əl-İslam Dəməşq yaxınlığındakı Qutada döyüşən qlobal islamçı qruplaşmalardan biridir. Qutada Suriya hökumətinin fevralın 18-dən başlanan bombardman əməliyyatlarında yüzlərcə insan həlak olub.
Rusiya Müdafiə Nazirliyi martın 6-da verdiyi bəyanatda bildirirdi ki, onun 39 hərbi qulluqçusu An-26 nəqliyyat təyyarəsi Latakiya şəhəri yaxınlığında yerə enərkən qəzaya uğrayanda həlak olub.
Nazirlik bunu da xəbər verirdi kİ, ölənlərin arasında general-mayor da var.
Rusiya rəsmiləri bildirmişdilər ki, təyyarənin qəzasına “böyük bir ehtimalla” texniki nasazlıq səbəb olub və təyyarə qəzadan əvvəl atəşə tutulmayıb.
Rusiya İstintaq Komitəsi qəzaya dair cinayət işinin qaldırıldığını elan edib. Komitə bildirib ki, müstəntiqlər hazırda uçuş qaydalarının pozulub-pozulmadığını araşdırırlar.
Rusiya Suriya münaqişəsində prezident Bashar al-Assad-a həlledici dəstək verərək qarşıdurmadakı qüvvələr balansını onun xeyrinə dəyişib.
Suriyadakı hərbi əməliyyatların bazası kimi əsasən Hmeimimdən istifadə edən Rusiya Suriyada hava kampaniyasına başlayandan bəri 40-dək hərbçisini itirib.
Bu da bildirilir ki, Moskva Suriya münaqişəsinə müdaxilə edəndən bəri 9 təyyarəsini itirib.
Ötən ay Rusiyanın Su-25 döyüş təyyarəsi şimal-qərbdəki İdlib qəzası üzərində vurulub. Təyyarənin çiyində daşınan raketlə vurulduğu düşünülür.
Müdafiə Nazirliyi bildirmişdi ki, təyyarədən paraşütlə atılan pilot qiyamçılarla döyüşdükdən sonra özünü əl qumbarasını partlatmaqla öldürüb.
Rusiyanın Suriyanın qərbindəki dəniz donanma qurğusu son vaxtlarda hücuma məruz qalıb.
Xəbər verilir ki, dekabrın 31-də Hmeimim bazasının qumbaraatanlardan atəşə tutulması nəticəsində 2 Rusiya hərbi qulluqçusu həlak olub.
Kreml bu hücum nəticəsində təyyarələrindən heç birinə ziyan toxunmadığını bildirsə də, gündəlik Kommersant qəzetinin yazdığına görə 7 təyyarəyə təmirə gəlməyəcək ziyan dəyib.
Yanvarın əvvəllərində silahlılar Hmeimim, habelə Rusiyanın Tartusdakı dəniz bazasını atəşə tutublar.
Rusiya hərbiyyəsi bildirib ki, 13 dronun iştirak etdiyi hücumun qarşısı alınıb.
Lap bu yaxınlarda isə Birləşmiş Ştatlar xəbər verib ki, Suriyada onun himayəsində olan bazaya Suriya hökumət qoşunları tərəfindən edilən hücum zamanı ABŞ-ın iki hərbi müşaviri həlak olub.
Koalisya qüvvələrinin bu hücuma cavab olaraq fevralın 7-də Deyr ez-Zorda endirdiyi hava zərbələri nəticəsində çox sayda rusiyalı muzdlu əsgərin həlak olduğu xəbər verilir.
Rusiya Müdafiə Nazirliyi də dəqiq məlumatlar vermir. Nazirliyin yaydığı məlumatda deyilir ki, hava zərbəsi nəticəsində Rusiya və keçmiş sovet respublikalarından olan “onlarca” döyüşçü yaralanıb.