Rusiyanın Britaniyada keçmiş casusu zəhərləməsi Kremlin Qərbi parçalama strategiyasının bir hissəsidir.
Məqsəd gizli əməliyyatlar aparmaq, daha sonra kimin məsuliyyət daşımasıyla bağlı şübhə toxumları, narazılıq yaratmaq olub. Bunu Birləşmiş Ştatların müdafiə naziri Jim Mattis deyib.
Martın 26-da 20-dən çox hökumət zəhərlənmə hadisəsiylə əlaqədar 144 diplomatı ölkədən çıxarıb. Keçmiş casus Sergei Skripal və qızı Yulia martın 4-də Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıb. Britaniya hökumətin onların sinir qazıyla zəhərləndiyini bildirib və buna görə məsuliyyəti Moskvanın üzərinə qoyub.
Mattis martın 27-də Vaşinqtonda jurnalistlərə deyib ki, Rusiya prezidenti Vladimir Putin-in Skripal və qızının “həyatına qəsd cəhdi”nə görə məsuliyyəti inkar etməsi ciddiyə alınmamalıdır.
Nazirin deməsinə görə, Solsberi insidentində “kütləvi qırğın silahı”ndan istifadəyə dair “xeyli aşkar” dəlil var. Britaniya hökuməti həmin hadisədə Soyuq Müharibə dövründə Rusiyanın hazırladığı Novichok adlı hərbi dərəcəli sinir qazından istifadə olunduğunu açıqlayıb.
“BUNU ADAMIN ÜZÜNƏ NECƏ DEYİRLƏR”
Mattis deyib ki, Rusiyanın bu davranışı 2014-cü ildə Ukraynadan başlanıb, Moskva heç bir fərqləndirici nişanı olmayan silahlıları Krıma göndərib, Ukraynadakı separatçılara dəstək verib.
Onun sözlərinə görə, Rusiyanın hiyləsi 2016-cı ildə ABŞ-da prezident seçkisinə təsir göstərməyi hədəfləyən gizli cəhdlərlə davam edib.
“Onlar Ukraynanın şərqində separatçıların fəaliyyətiylə bağlılıqları olmadığını deyirlər. Bunu adamın üzünə necə deyə bilirlər, bundan əmin deyiləm. Təkzibinin mümkünlüyünə inandıqları şeylər edirlər”, – Mattis deyib.
“Bununla da Qərb alyansının, NATO-nun birliyini pozmağa çalışırlar”, – o söyləyib.
NATO da martın 27-də Rusiyanın taktikasına qarşı vahid cəbhəyə qoşulub. NATO baş katibi Jens Stoltenberg deyib ki, diplomatların qovulması Rusiyaya “qəbulolunmaz davranışlarının bədəli olacağına dair” bir mesajdır.
Britaniya liderləri digər ölkələrin atdığı addımları “dönüş nöqtəsi” adlandırıb. Rusiya isə bildirib ki, diplomatlarına qarşı tədbirlər Birləşmiş Ştatların “nəhəng” təzyiqinin nəticəsidir və buna cavab veriləcək.
Mattis Rusiyanın “Avropanın tərəfdaşına çevrilmək potensialı”nın qaldığını vurğulayıb.