Slovakiyanın daxili işlər naziri Robert Kalinak istefa verdiyini deyir.
Səbəb araşdırmaçı jurnalistin qətlindən sonra yaranmış siyasi gərginlikdir.
Kalinak açıqlamanı martın 12-də verib. O, koalisiyanın kiçik tərəfdaşı olan Most-Hid (Körpü) qrupunun tələblərini qəbul edib. Qrup baş nazir Robert Fico-dan tələb edirdi ki, günün sonunadək yaxın müttəfiqini vəzifədən kənarlaşdırsın.
Jurnalist Jan Kuciak və nişanlısı fevralın sonunda qətlə yetirilib. Bu iş üzrə istintaqda irəliləyiş olmadığını deyənlər küçə etirazlarına çıxıb.
Kuciak siyasi əlaqələri olan biznesmenlər və mütəşəkkil qrupların fırıldaqlarını araşdırırdı.
Tənqidçilərin fikrincə, Fico-nun Smer partiyasının yaradıcısı olan Kalinak qətllərin müstəqil araşdırılmasını təmin edə bilməyib.
Martın 9-da paytaxt Bratislavaya 50 minədək adam çıxıb, digər şəhərlərdə isə minlərlə etirazçı Fico-nun kabinetinin istefasını, Kuciak və nişanlısının qətlinin tam araşdırılmasını tələb edib.