Çexiya Rusiya hakerini Amerikaya ekstradisiya etdi

Çexiya Rusiya hakerini Amerikaya ekstradisiya etdi
31 Mart 2018
Mətni dəyiş

Çexiyanın Ədliyyə Nazirliyi bəyan edib ki, həm Vaşinqton, həm də Moskva tərəfindən ekstradisiyası istənən və Rusiya hakeri olduğu iddia edilən şəxs Birləşmiş Ştatlara təslim edilib.

Yevgeni Nikulin 2012-və 2013-cü illərdə LinkedIn və Dropbox da daxil böyük internet şirkətlərinə haker müdaxiləsi etməkdə ittiham olunur. Əgər kompüter müdaxiləsi və kimlik oğurluğu kimi ittihamlar isbatını taparsa, Birləşmiş Ştatlarda Nikulini 30 ilədək həbsxana cəzası gözləyir.

Lakin Rusiya da ABŞ-ın ardınca əks-ekstradisiya tələbi etdikdən sonra Nikulinin məsələsi beynəlxalq çəkişmə predmeti olmuşdu. Rusiyada Nikulin 2009-cu ildə 2000 dollarlıq internet oğurluğu işi ilə bağlı axtarışda idi.

Çexiya Ədliyyə Nazirliyinin Reuters agentliyinə göndərdiyi SMS-də deyilir: “Biz Birləşmiş Ştatlara ekstrasiyanı təsdiq edirik. O artıq ABŞ-a göndərilib”.

Ədliyyə naziri Robert Pelikan deyib ki, Nikulinin ABŞ-a ekstradisiyası barədə qərar ölkənin Ali Məhkəməsi Rusiyanın son anda verdiyi apellyasiya şikayətini rədd etdikdən sonra qəbul olunub.

Martın 27-də Çexiyaya səfəri zamanı ABŞ Nümayəndələr Palatasının spikeri Paul Ryan demişdi ki, “biz Nikulinin Amerikaya ekstradisiya ediləcəyinə inanmaq üçün bütün əsaslara malikik”.

Baş nazir Andrej Babis və başqa Çexiya rəsmiləri ilə görüşlərdən sonra Ryan demişdi ki, Nikulinin ekstradisiyası məsələsini rəsmi Praqa ilə müzakirə edib.

Nikulini həm Vaşinqtonun, həm də Moskvanın istəməsi Çexiya hakimiyyəti içində müəyyən fikir ixtilafına səbəb olmuşdu.

Babis Nikulinin Birləşmiş Ştatlara, lakin Pelikan və Moskva ilə isti münasibətləri olan prezident Milos Zeman isə Rusiyaya ekstradisiya edilməsinə tərəfdar idilər.

Nikulinin vəkili deyib ki, onun müdafiə etdiyi şəxs FTB-nin onu 2016-cı il seçkisi zamanı Demokratik Partiyanın serverlərinə hücumla bağlamağa çalışdığını iddia edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun