Britaniya parlamentinin xarici əlaqələr komitəsi sədrinin martın 12-də deməsinə görə, zəhərlənmə hadisəsi “dəhşətli şəkildə dövlət tərəfindən təşkil olunana bənzəyir”.
“Baş nazirin tezliklə bir açıqlama verəcəyini gözləyirik və səmimi deyirəm, əgər o, Kremli nişan verməsə, çox təəccüblənərəm”, – deputat Tom Tugendhat BBC radiosuna deyib.
İstefada olan Rusiya hərbi kəşfiyyat polkovniki Skripal 2006-cı ildə Moskva hərbi məhkəməsində “vətənə xəyanət”də, sirləri Britaniya kəşfiyyat orqanlarına ötürməkdə təqsirli bilinib. O, 2010-cu ildə Birləşmiş Ştatlardan saxlanmış 10 rusiyalı agentlə dəyişdirilmiş 4 rusiyalı məhkumdan biri idi.
***
Martın 12-də Britaniya Milli Təhlükəsizlik Şurasının yığışacağı, Solsberi şəhərində keçmiş rusiyalı casus və qızına sinir qazı hücumunu müzakirə edəcəyi gözlənir.
Toplantıya baş nazir Theresa May sədrlik edəcək. Ona martın 4-də 66 yaşlı Sergei Skripal və 33 yaşlı qızı Yulia-ya hücumla bağlı təhqiqat barədə informasiya veriləcək.
Ötən həftəsonu İngiltərənin baş səhiyyə rəsmisi bildirib ki, həmin sinir qazının izləri onların baş çəkdiyi pab və restoranda aşkarlanıb. Atasıyla qızı hazırda xəstəxanada ağır durumdadır.
İnsidentə dərhal reaksiya vermiş polis əməkdaşının da vəziyyəti ağırdır.
RESTORANDAKI MASALARDAN BİRİNİ MƏHV EDİBLƏR
Ölkənin baş səhiyyə rəsmisi Sally Davies martın 11-də həmin maddəylə təmasda olmuş 500 nəfəri ehtiyat tədbiri kimi paltarlarını yumağa, mobil telefonlarını, əl çantalarını, eynəklərini təmizləməyə çağırıb.
“Sinir qazının çirkli izləri aşkarlanıb. Əminəm ki, bu, The Mill pabında, Zizzi restoranında olmuş heç kəsin səhhətinə təsir göstərməyib”, – Davies deyib.
BBC-nin məlumatına görə, restorandakı masalardan biri qazın təsirini çox məruz qaldığından onu məhv etməli olublar.
Artıq təhqiqatın səkkizinci günüdür, amma hansı sinir qazından istifadə olunduğu açıqlanmayıb.
Xarici işlər naziri Boris Johnson deyib ki, əgər Moskvanın bu işdə əli olduğu üzə çıxarsa, Britaniya Rusiyaya sanksiyaları gücləndirə bilər.
Daxili işlər naziri Amber Rudd-un martın 10-da deməsinə görə, insidentin arxasında kimin durmasını deməyə “çox tezdir”. O, polisin 200-dən artıq dəlili araşdırdığını, 240-dan çox şahid müəyyənləşdirdiyini, təhlükəsizlik kameralarına baxdığını bildirib.
Kreml insidentə heç bir bağlılığı olmadığını, Britaniya mediasının antirusiya isteriyasını qızışdırdığını iddia edib.