Britaniyada keçmiş Rusiya casusunun tapıldığı yerə xüsusi qoşun yeridilib

Britaniyada keçmiş Rusiya casusunun tapıldığı yerə xüsusi qoşun yeridilib
10 Mart 2018
Mətni dəyiş

Britaniya keçmiş Rusiya casusu Sergey Skripalın və qızının huşsuz tapıldıqları yerin təhlükəli sinir-əsəb maddəsindən təmizlənməsi məqsədilə xüsusi qoşun hissələri yeridib.

Bundan əvvəl Britaniyanın daxili işlər naziri keçmiş casus Skripal və qızının huşsuz vəziyyətdə tapıldığı yerə baş çəkib. Amber Rudd martın 9-da Solsberi şəhərində, hazırda polisin çadır qurduğu skamyanın yerləşdiyi ərazidə olmuşdu.

Britaniya bildirib ki, hadisədə Moskvanın əli olduğu üzə çıxarsa, buna uyğun cavab verəcək. Moskva insidentlə bağlılığını rədd edir, Britaniya mediasının antirusiya əhvalını qızışdırdığını bildirir.

“PROPAQANDA”

Sarin kimi əsəb sisteminə təsir göstərən zəhərli kimyəvi agentlər əsəb sisteminin işini pozur, bədənin funksiyalarını dayandırır.

BBC martın 8-də anonim mənbəyə istinadla yazıb ki, martın 3-də keçmiş casusa qarşı istifadə olunan maddə sarindən, yaxud VX maddəsindən də az rast gəlinəndir.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov martın 9-da deyib ki, Britaniyanın Rusiyaya xəbərdarlığı propaqandadır və ciddi deyil.

Efiopiyada jurnalistlərə danışan Lavrov söyləyib ki, Rusiya rəsmiləri Skripal və qızının başına gələnlərlə bağlı konkret dəlil göstərən bircə fakt da almayıb.

“Yayılanlar ancaq xəbərlərdir, deyirlər ki, bunu Rusiya edibsə, elə cavab veriləcək ki, Rusiya bunu heç vaxt unutmayacaq. Bu, ciddi deyil. Bu, ancaq propaqandadır və gərginliyi qızışdırmağa çalışırlar”, – Lavrov vurğulayıb.

O, bir daha Moskvanın təhqiqata yardıma hazır olduğunu dilə gətirib.

***

Böyük Britanitada ticarət mərkəzi yaxınlığında keçmiş rusiyalı casus əsəb sisteminə təsir edən kimyəvi agentlə hücumdan sonra azı 21 nəfər də xəstəxanada müalicə alıb. Keçmiş casus Sergei Skripal və qızı hazırda reanimasiya şöbəsindədir.

Polis rəmisi Kier Pritchard martın 8-də deyib ki, “xəstəxanada müalicə prosesindən bir neçə nəfər keçib… Onlardan qan analizi götürülüb, dəstək və məsləhət alıblar”.

Polis üç qurbanın xəstəxanada yatdığını deyir. Biri Skripalın özü, digəri qızı Yulia və insidentə reaksiya vermiş polis serjantı Nick Bailey-dir.

Skripal və qızının durumunun “kritik” olduğu bildirilir.

Polis serjantı reanimasiyada olmasa da, durumunun ciddi olduğu qeyd edilir.

Kier Pritchard keçmiş casusa qarşı hansı növ kimyəvi agentdən istifadə olunduğunu açıqlamayıb.

Eləcə də digərlərinin bu maddənin təsirinə necə məruz qaldığı açıqlanmır.

Britaniyanın baş səhiyyə rəsmisi Sally Davies ictimaiyyətə risk olmadığını desə də, ekspertlər əsəb sisteminə təsir edən kimyəvi agentlərin çox təhlükəli olduğunu bildirirlər.

***

Keçmiş rusiyalı casusa şübhəli əsəb-sinir sisteminə təsir edən kimyəvi agentlə hücum “dəhşətli və amansız cinayətdir”. Bunu Britaniyanın baş naziri Theresa May-in sözçüsü jurnalistlərə deyib. Sözçü anonimlik şərtiylə danışıb.

Daxili işlər naziri Amber Rudd parlamentdə deyib ki, Britaniya torpağında əsəb sisteminə təsir edən kimyəvi agentdən istifadə “həyasız və ehtiyatsız” hərəkətdir.

“Bu, ən qəddar və açıq şəkildə öldürməyə cəhddir”, – Rudd bildirib. O, hakimiyyətin məsuliyyət daşıyan müəyyənləşən kimi uyğun addımlar atacağını bildirib.

Hadisə yerinə ilk gələn polis əməkdaşlarından biri də huşunu itirmişdi, indi ayılıb və danışmağa başlayıb. Rudd deyib ki, onun durumu ağır olaraq qalır.

***

Britaniya polisi bildirib ki, keçmiş Rusiya casusu Sergey Skripal və onun qızı ilə bağlı insident “əsəb-sinir orqanlarına təsir edən kimyəvi agentdən istifadə etməklə qətlə cəhd” kimi qiymətləndirilir.

Martın 7-də antiterror polisinin rəhbəri Mark Rowley deyib: “Mən təsdiq edə bilərəm ki, ağır xəstələnmiş bu iki nəfər spesifik olaraq hədəflənib”.

Rowley bundan başqa heç bir təfərrüat verməyib.

66 yaşlı Skripal və onun 33 yaşlı qızı Yuliya yaxınlıqdakı restoranda olduqdan sonra Salisberi ticarət mərkəzinin yanında, skamyanın üstündə huşsuz vəziyyətdə aşkar ediliblər.

Onların yardımına gələn bir tibb işçisi də xəstələnib və hazırda xəstəxanadadır.

***

Britaniyanın antiterror polisi keçmiş rusiyalı casus Sergei Skripal-ın və qızının qəfildən bərk xəstələnməsinin istintaqını üzərinə götürüb. Bu arada media yazıb ki, Skripal-ın oğlu ötən il Rusiyaya səfəri zamanı naməlum səbəblərdən dünyasını dəyişib.

Skotlend-Yard elan edib ki, antiterror bölümü işdəki “qeyri-adi vəziyyət” səbəbindən təhqiqata rəhbərlik edəcək. Bundan öncə xarici işlər naziri Bois Johnson xəbərdarlıq etmişdi ki, insidentdə xarici hökumətin əli varsa, bu, cəzasız qalmayacaq.

QOHUMLARIN MÜƏMMALI ÖLÜMÜ

66 yaşlı Skripal qızı, 33 yaşlı Yulia ilə Salisberi xəstəxanasının reanimasiya şöbəsindədir. BBC Skripal-ın qohumlarına istinadla yazıb ki, onun ailə üzvlərindən bəziləri son illər müəmmalı şəraitdə ölüblər.

Qohumların BBC-nin rus xidmətinə deməsinə görə, keçmiş casus inanırmış ki, “Rusiya xüsusi xidməti istənilən vaxt onun arxasınca gələ bilər”. BBC detallara varmayıb.

“Times” yazıb ki, Skripal-ın 44 yaşlı oğlu Sergei ötən il Rusiyaya səfər edərkən naməlum xəstəlikdən vəfat edib. “Guardian” qəzeti onun həyat yoldaşının 2012-ci ildə Britaniyaya gedəndən az sonra xərçəngdən dünyasını dəyişdiyini xəbərləyib.

“The Times”ın yazdığına görə, Yulia 2010-cu ildə, atası Rusiyayla casus dəyiş-düyüşündə buraxılanda Britaniyada yaşayırmış O, daha sonra Moskvaya köçüb və orada PepsiCo Russia şirkəti üçün çalışıb. Qızı ötən həftə Britaniyaya atasına baş çəkməyə gedibmiş.

Londonun fövqəladə komitəsi martın 7-də yığışacaq, Skripal-ın başına gələnləri müzakirə edəcək.

Martın 6-da parlamentdə danışan Johnson deyib ki, Moskvanın bu insidentdə əli olması üzə çıxarsa, Britaniya Rusiyaya sanksiyaları gücləndirə bilər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova isə Johnson-un dediklərini tənqid edib ki, onları “azğın” adlandırıb.

XATIRLATMA

Sergei Skripal Rusiyada dövlət sirlərini Britaniyaya ötürməkdə ittiham edilib və 2006-cı ildə 13 il müddətinə azadlıqdan məhrum olunub.

Pensiyaya çıxmış kəşfiyyat polkovniki Skripal 2010-cu ildə ABŞ-ın 10 casusu ilə dəyiş-düyüşdə azad edilmiş 4 məhbusdan biridir.

2006-cı ildə keçmiş FTX zabiti Aleksandr Litvinenkonun ölümü London və Moskva arasındakı münasibətləri korlayıb.

Britaniya müstəntiqləri Litvinenkonun ölümündə Rusiya Dövlət Dumasının deputatı, keçmiş casus Andrey Luqovoyu ittiham edirlər. Onların fikrincə Litvinenko otelə Luqovoy və Kovtun tərəfindən gətirilmiş polonium maddəsi ilə zəhərlənib.

Moskva bu istintaqı “yayğın” və “siyasi motivli” adlandırmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun