“Böyük ehtimalla”, sinir qazından istifadə qərarını Rusiya prezidenti Vladimir Putin verib.
Bunu Britaniyanın xarici işlər naziri Boris Johnson deyir.
Kremlsə bu ittihamı şokedici və bağışlanmaz adlandırıb.
“Biz rusiyalılara qarşı deyilik. Baş verənlər rusofobiyayla sonuclanmamalıdır”, – Johnson martın 16-da deyib.
“Bizim mübahisəmiz Putin-in Kremli, onun Britaniya küçələrində sinir qazından istifadəylə bağlı qərarıyladır”, – nazir sözlərinə əlavə edib.
Putin-in sözçüsü Dmitry Peskov bu bəyanatdan az sonra bildirib ki, prezidentin bu işdə adının hallanması “diplomatik qaydaların sarsıdıcı və bağışlanmaz pozuntusudur”. O, Kremlin daha öncə səsləndirdiyi iddianı bir daha dilə gətirib: “Rusiyanın bu məsələyə aidiyyatı yoxdur”.
***
Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyir ki, Moskva britaniyalı diplomatları ölkədən çıxaracaq. Bu, Britaniyanın keçmiş casusun zəhərlənməsiylə əlaqədar 23 rusiyalı diplomatı qovmasına cavab addımı kimi nəzərdən keçirilir.
Jurnalistlərdən biri martın 16-da Lavrov-dan soruşub ki, Rusiya britaniyalı diplomatları qovacaqmı. “Əlbəttə, edəcəyik”, – Lavrov deyib.
O, Qazaxıstanın paytaxtı Astanada, İran və Türkiyənin xarici işlər nazirləriylə Suriya danışıqlarından sonra danışıb.
Britaniya 55 yaşlı keçmiş rusiyalı casus Sergei Skripal və onun 33 yaşlı qızı Yulia-nın sinir qazıyla zəhərlənməsi arxasında Rusiyanın durduğunu bildirir. Bu güclü kimyəvi maddə Sovet İttifaqında hazırlanıb.
Skripallar martın 4-də Solsberidə ticarət mərkəzinin yanında skamyada huşsuz vəziyyətdə tapılıblar. Onlar hazırda xəstəxanada ağır durumdadırlar.
İstefada olan Rusiya hərbi kəşfiyyat polkovniki Skripal 2006-cı ildə Moskva hərbi məhkəməsində “vətənə xəyanət”də, sirləri Britaniya kəşfiyyat orqanlarına ötürməkdə təqsirli bilinib. O, 2010-cu ildə Birləşmiş Ştatlardan saxlanmış 10 rusiyalı agentlə dəyişdirilmiş 4 rusiyalı məhkumdan biri idi.
Martın 15-də Birləşmiş Ştatlar, Fransa və Almaniya liderləri Britaniyayla birgə bəyanat yayaraq casusun zəhərlənməsini “Britaniyanın suverenliyinə hücum” adlandırıblar.
***
NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, Qərb yeni Soyuq müharibə və ya Rusiya ilə silahlanma yarışı axtarmır, lakin “bütün müttəfiqlərini istənilən hədəyə qarşı” müdafiə etmək əzmindədir.
Stoltenberg martın 15-də NATO-nun illik hesabatının təqdimatı tədbirində jurnalistlərə deyib: “Biz yeni Soyuq müharibə istəmirik. Biz yeni silahlanma yarışına cəlb olunmaq da istəmirik…Bu bahalıdır, risklidir və heç kimin marağında deyil. Lakin qoy heç kimdə şübhə olmasın. NATO özünün bütün müttəfiqlərini istənilən hədədən qoruyacaqdır”.
Stoltenberg-in bu bəyanatı Britaniyada keçmiş Rusiya casusuna qarşı kimyəvi zəhərdən istifadə edilməsinin ardınca Moskva və Qərb arasında münasibətlərin daha da gərginləşdiyi bir vaxta təsadüf edib.
Britaniya bildirir ki, bu hücumda istifadə edilmiş kimyəvi maddə sovet hərbiyyəsi tərəfindən istehsal olunmuş Noviçok maddəsi ilə eyni qrupa aiddir.
Martın 15-də Fransa, Almaniya və Birləşmiş Ştatlar bildiriblər ki, keçmiş casus Skripala və onun qızı Yuliyaya edilmiş hücum üçün Rusiyanın məsuliyyət daşıması “ən ağlabatan izahatdır”.
Onların birgə bəyanatında bu hücum Britaniyanın suverenliyinə qəsd və “beynəlxalq qanunun pozulması” kimi qiymətləndirilir.
Stoltenberg deyib ki, NATO Britaniya ilə həmrəydir, bununla belə London hələlik qarşılıqlı müdafiəni nəzərdə tutan 5-ci maddənin hərəkətə gətirilməsini istəməyib. NATO nizamnaməsinin 5-ci maddəsi alyansın hər hansı bir üzvünə hücum olarsa, digər üzvlərdən onun müdafiəsinə qalxmağı tələb edir.
Stoltenberg deyib: “Bütün müttəfiqlərimiz belə bir qərara gəliblər ki, bu hücum beynəlxalq norma və razılaşmaların pozulmasıdır. Belə hərəkətə sivilizasiyalı dünyada yer yoxdur”.
Baş katib bunu da əlavə edib ki, NATO Rusiyanın Britaniyanın suallarına cavab verməsini gözləyir.
Stoltenberg Solsberi hücumu ilə əlaqədar Rusiyanın Krımı ilhaqı, Ukraynanın şərqindəki separatçılara dəstək verməsi, Gürcüstan və Moldova ərazisində bu ölkələrin iradəsinə zidd olaraq qoşun saxlaması kimi “məsuliyyətsiz davranışını” xatırladıb.
Bu arada Stoltenberg deyib ki, o NATO-nun iyulda keçiriləcək sammitində Gürcüstanın alyans üzvlüyü istiqamətində tərəqqisinin təsdiqlənəcəyinə ümid edir.
NATO-nun 2008-ci ildə Buxarestdə keçirilmiş sammitində qəbul edilmiş qərarında bildirilirdi ki, Gürcüstan və Ukrayna nəticə etibarilə NATO üzvü olacaqlar. Lakin o vaxtdan bəri alyans bu niyyətini hər sammitində sadəcə təsdiqləməklə kifayətlənir.