Britaniya, Fransa və Almaniya İrana qarşı, onun ballistik raket proqramı və Suriya münaqişəsindəki rolu ilə bağlı Avropa İttifaqının yeni sanksiyalarının tətbiq olunmasını təklif ediblər.
Reuters martın 16-da bildirib ki, bu təklif “ABŞ prezidenti Donald Trump-ın tələblərinə uyğun şəkildə, Vaşinqtonu 2015-ci il nüvə sazişində saxlamaq naminə” verilib.
Bu məsələ ilə tanışlığı olan iki mənbə bildirib ki, sözü gedən təklif martın 16-da Avropa İttifaqı paytaxtlarına göndərilib. Bundan məqdsəd həm də başqa Aİ üzvlərinin İran üzərinə yeni sanksiyalara münasibətini öyrənməkdir.
Avropa İttifaqının nizamnaməsinə görə hər hansı sanksiyaların elan edilməsi üçün 28 üzvün hamısının razılığı lazımdır.
Təklif sənədində həmçinin bildirilir ki, Britaniya, Fransa və Almaniya “ABŞ-ın nüvə sazişinə bağlılığına əmin olmaq məqsədilə” Trump administrasiyası ilə “intensiv danışıqlardadır”.
Trump bütün prezidentliyi dövründə İranla bağlanmış nüvə razılaşmasından narazılığını ifadə edib.
O özünün dediyi kimi bu sazişin “fəlakətli qüsurlarını” düzəltmək üçün Avropa müttəfiqlərinə və ABŞ Konqresinə mayın 12-dək vaxt qoyub. Söhbət ilk növbədə İranın ballistik raket proqramının cilovlanmasından gedir.
Trump əmindir ki, Tehran raket proqramını inkişaf etdirməklə 2015-ci il nüvə sazişinin “ruhuna” əməl etmir.
İran isə israr edir ki, onun raket proqramı sırf müdafiə xarakteri daşıyır və nüvə sazişi ilə əlaqəli deyil.
Başqa bir narahatlıq ondandır ki, bu yaxınlarda vəzifəsindən uzaqlaşdırılmış Rex Tillerson İranla nüvə sazişinin saxlanmasına tərəfdar olsa da, yeni dövlət katibi Mike Pompeo İranın kəskin tənqidçisidir.