Avropa Birliyi liderləri moskvadakı elçilərini geri çağırmağa razılaşıblar.
Onlar İngiltərədə keçmiş rusiyalı casusun zəhərlənməsinə görə “böyük ehtimalla” Rusiyanın məsuliyyət daşıması qənaətinə gələndən sonra digər addımlar da atıla biləcəyini deyiblər.
Liderlər Brüsseldə sammitdən sonra bildiriblər ki, Avropa Birliyi və AB-nin bir neçə üzvü əlavə cavab tədbirlərini nəzərdən keçirirlər. Britaniyanın baş naziri Theresa May keçmiş casus Sergei Skripal və qızı Yulia-nın sinir qazıyla zəhərlənməsiylə bağlı birlik göstərməyə çağırıb.
“BİRLİKDƏ REAKSİYA VERMƏKDƏ QƏTİYYƏTLİYİK”
Niderlandın baş naziri Mark Rutte deyib ki, Britaniyayla həmrəylik göstərmək üçün AB-nin Moskvadakı səfiri Markus Ederer bir aylığa geri çağırılacaq.
Almaniya kansleri Angela Merkel blokun əlavə cəza tədbirlərini götür-qoy etdiyini deyib.
“Birlikdə, burada işlətdiyimiz dillə, mümkünsə, əlavə tədbirlərlə reaksiya verməkdə qətiyyətliyik”, – o vurğulayıb.
Litvanın prezidenti Dalia Grybauskaite rusiyalı casusları ölkəsindən çıxarmağa hazır olduğunu deyib. Digər Baltik ölkələri və Polşa da addım atmağı nəzərdən keçirdiklərini söyləyib.
AB Şurası yaydığı bəyanatda “son hücumu ən güclü şəkildə pisləyib” və “zəhərlənməyə görə böyük ehtimalla Rusiya Federasiyasının məsuliyyət daşımasıyla bağlı Britaniya hökumətinin dəyərləndirməsiylə razılaşır”
“Təhlükəsizliyimizə bu böyük hədəyə qarşı Britaniyayla həmrəylik nümayiş etdiririk”, – liderlər bildirib.