Hakim Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarında keçirilən konfranslar başa çatıb.
Bu barədə YAP-ın icra katibinin müavini Siyavuş Novruzov məlumat verib.
S.Novruzov bildirib ki, YAP-ın 84 rayon və şəhər təşkilatı fəaliyyət göstərir: “71 şəhər və rayon təşkilatında konfrans 2017-ci ildə keçirilib. Qalan 13 təşkilatda isə ondan öncəki illərdə keçirilmişdi. Bu, qurultaylararası olan konfranslardır ki, 5 ildə bir dəfə keçirilir”.
S.Novruzov qurultayın vaxtının bəlli olmadığını qeyd edib: “YAP-ın Nizamnaməsinə əsasən, qurultayı sədr, partiyanın Siyasi Şurası və partiya üzvlərinin üçdə iki hissəsi çağıra bilər. Qurultayla bağlı qərar olduqda, nümayəndəlik norması müəyyənləşəcək, bunun əsasında da nümayəndələr seçiləcək, qurultay keçiriləcək”.
YAP rəsmisi bildirib ki, Azərbaycanda bu il keçiriləcək prezident seçkilərinə avqustun 17-də rəsmi start veriləcək: “Seçkiöncəsi qurultay olmalıdır ki, partiya namizəd irəli sürsün. Bilirsiz ki, bu il Azərbaycanda prezident seçkiləri oktyabrın 17-də keçiriləcək. Ölkədə seçki müddəti də 2 aydır, yəni rəsmi qaydada avqustun 17-də seçkilərə start veriləcək. Yeni Azərbaycan Partiyası da namizədini müəyyənləşdirməklə yanaşı, həmçinin onun irəli sürülməsinin hüquqi əsasını təmin etməlidir. YAP-da da bu, qurultay vasitəsilə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının namizədi bəllidir. Namizəd hazırki Prezident İlham Əliyevdir. YAP-da qərarlar yekdil verilir”.