Bunu açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və Azərbaycan Prezidenti yanında Əfv məsələləri üzrə komissiyanın üzvü Məlahət İbrahimqızı bildirib.
M.İbrahimqızı deyib ki, bu ilin aprelində Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin edilməsi çox normal və gözlənilən addımdır:
"Bu yaxınlarda YAP-ın icra katibi hörmətli Əli Əhmədov də bildirmişdi ki, prezident seçkilərində partiyamızın vahid namizədi cənab İlham Əliyev olacaq. Yəni, bizim prezidentliyə namizədimiz olan cənab İlham Əliyev hər zaman seçkilərə hazır olan liderdir. Bu cür şəxsiyyətlər dünya siyasətində çox az olur. Prezident İlham Əliyevin gördüyü uğurlu işlərə baxsaq, görərik ki, o liderliyə layiq olan şəxsdir. Cənab prezident gördüyü uğurlu işlərlə hər zaman seçkilərə hazır olduğunu sübut edir.
Ancaq bir sıra dövlətlərə baxsaq, görərik ki, həmin ölkələrdə prezident seçilən şəxsin fəaliyyətində bir müddət geriləmə olur. Bu cür tendensiyalar Azərbaycanın əksər siyasi pratiyalarında da mövcuddur. Həmin partiyalar yalnız seçkidən seçkiyə fəal görünməyə çalışırlar. Amma Yeni Azərbaycan Partiyası və onun namizədi olan cənab prezident İlham Əliyev bütün dövlərdə fəal iş görür, Azərbaycanı inkişaf etdirir. Cənab prezidentin 2003-cü ildən bu günə qədər olan fəaliyyəti xalqın və dövlətin inkişafına və firavanlığına hesablanıb. Bu, gələcəkdə də belə davam edəcək".
Deputat əlavə edib ki, hazırda Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilib:
"Bu gün YAP-ın 700 mindən çox fəal üzvü var. Qarşıdan gələn seçkilərdə də bu insanlar cənab prezidenti dəstəkləyəcək".
Azərbaycan prezidenti İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalyıb.
Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsi rəhbər tutularaq və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq imzalanıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunub və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.