Bu gün, fevralın 12-də 2 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan REAL Hərəkatinin lideri İlqar Məmmədova vəkilinin göndərdiyi sənədlər çatdırılmayıb. Bu haqda onun vəkili Fuad Ağayev məlumat verib.
Vəkilin bildirdiyinə görə, İlqar Məmmədova poçt vasitəsilə göndərdiyi sənədləri qəbul etməyiblər. Ona bununla bağlı hər hansı izahat verilməyib.
F.Ağayev deyir ki, ötən həftə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyinə müraciət göndərib. Ancaq müraciətinə də cavab yoxdur.
“Bəlkə də, reaksiya məktubun qaytarılmasıdır”, – vəkil qeyd edib.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən və cəzaçəkmə müəssisəsinin rəhbərliyindən, hələlik, vəkilin söylədiklərinə münasibət almaq mümkün olmayıb.